Xarici borcun ÜDM-in cəmi 6 faizi səviyyəsində olması dövlətin güclü maliyyə idarəçiliyinin göstəricisidir.

Prezident
İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində səsləndirdiyi
fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi modelin əsas məzmununu
bir daha ortaya qoydu. Dövlət başçısının diqqətə çatdırdığı əsas məqam ölkənin
xarici borc yükünün son dərəcə aşağı səviyyədə saxlanılması və bunun ümumi
iqtisadi sağlamlığın göstəricisi kimi qiymətləndirilməsidir.
Müasir
dövrdə bir çox ölkələr iqtisadi inkişafı borclanma hesabına təmin etməyə
çalışdığı halda, Azərbaycan fərqli və daha dayanıqlı yol seçib. Aparılan məqsədyönlü
siyasət nəticəsində dövlət maliyyəsi nəzarət altında saxlanılıb, xərclər real
imkanlara uyğun planlaşdırılıb və makroiqtisadi tarazlıq qorunub. Bu yanaşma
ölkənin yalnız bugünkü sabitliyini deyil, uzunmüddətli inkişaf perspektivlərini
də təmin edən mühüm amilə çevrilib.
Xarici
borcun aşağı səviyyədə olması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini
gücləndirən əsas faktorlardandır. Dövlət qərarlarının hər hansı maliyyə təzyiqi
olmadan, yalnız milli maraqlara əsaslanaraq qəbul edilməsi məhz bu sağlam
maliyyə mühitinin nəticəsidir. Bu isə ölkənin regional və beynəlxalq proseslərdə
mövqeyini daha da möhkəmləndirir.
Eyni
zamanda, maliyyə dayanıqlığı sosial rifahın yüksəldilməsinə xidmət edir. Büdcə
vəsaitlərinin borc öhdəliklərinə deyil, əhalinin sosial müdafiəsinə,
infrastrukturun yenilənməsinə, təhsil və səhiyyə sahələrinin inkişafına yönəldilməsi
dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu siyasət cəmiyyətin rifah səviyyəsinin
yüksəlməsində öz real nəticələrini göstərir.
“Xızı–Abşeron”
Külək Elektrik Stansiyası kimi iri enerji layihələrinin məhz bu iqtisadi baza
üzərində reallaşdırılması təsadüfi deyil. Bərpa olunan enerji sahəsinə qoyulan
sərmayələr Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının tərkib
hissəsidir. Aşağı borclanma səviyyəsi belə layihələrin risklərdən kənar, sabit
və etibarlı şəkildə icrasına imkan yaradır, ölkənin enerji təhlükəsizliyini və
ekoloji məsuliyyətini gücləndirir.
Prezident
İlham Əliyevin açılış mərasimində toxunduğu bu məqam beynəlxalq maliyyə
institutları və investorlar üçün də aydın mesajdır. Azərbaycan etibarlı,
proqnozlaşdırılan və məsuliyyətli iqtisadi siyasət yürüdən dövlətdir. Məhz buna
görə də ölkə xarici investisiyalar üçün cəlbedici olmaqla yanaşı, öz inkişafını
borc asılılığına salmadan təmin edən nadir nümunələrdən biri kimi çıxış edir.
Nəticə
etibarilə, dövlət başçısının səsləndirdiyi fikir sadəcə maliyyə göstəricisi
deyil, Azərbaycanın güclü dövlətçilik fəlsəfəsinin və uzaqgörən iqtisadi
kursunun ifadəsidir. Bu kurs maliyyə intizamına, milli maraqlara və dayanıqlı
inkişafa söykənir və ölkəni gələcək çağırışlara qarşı daha davamlı edir.
Rəhim
İmanov,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xıllı
qəsəbə 2 saylı tam orta məktəbin direktoru
Digər xəbərlər



