Neqativ iqlim dəyişiklikləri: bəşəriyyəti təhdid edən ciddi problem.

2026-01-16 Baxış: 5
img

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox təşvişə salmaqdadır. Qeyri-sabit hava şəraiti təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunur və problemlər yaradır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, ötən100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı artıb.

İqlim Yer kürəsi tarixi boyunca dəyişib. Lakin təbii səbəblər ötən yüzilliyin xüsusilə sürətli istilənməsini şərtləndirmir. Bu yaxınlarda baş vermiş iqlim dəyişmələrinə antropogen amil səbəb olub, bu da əsasən qazıntı yanacağının - kömür, neft və qazın evlərdə, zavodlarda və nəqliyyatda geniş istifadə edilməsinə görə baş verir. Qazıntı yanacağı yanan zaman istixana qazlarını - əsasən karbon qazını (CO2) atmosferə buraxır. Bu, Yer səthinə yaxın atmosferdə artıq enerjini saxlayaraq, planetin istiləşməsinə səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, iqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və sair ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı isə 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib.

Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsinin əsrlər boyu davam edəcək.

Hazırda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institutsional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilir. Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı sektoru, su resursları sektoru, sahilyanı zonaları, enerji sektoru, meşə sektoru, turizm sektoru və səhiyyə sektoru Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahilyanı zonalardır. Azərbaycan artıq sosial, iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri olaraq müəyyənləşdirib.

            İsmayıl Salmanov,

            YAP Hacıqabul rayon təşkilatının məsələhətçisi.