Azərbaycanda su ehtiyatlarının idarə olunması: 2020–2025-ci illər üzrə institusional və infrastruktur transformasiyası

2026-01-16 Baxış: 5
img

Prezident İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayır. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası, Xəzər dənizindən alternativ mənbə kimi istifadə edilməsi istiqamətində atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də əsas məqsədlərdəndir. Bu barədə yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə geniş bəhs olunub. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının mövcud su problemləri, onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, su təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə toxunulub, bu sahədə sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bütün Abşeron yarımadasını əhatə etməklə regionun su və kanalizasiya infrastrukturunun tamamilə yenidən qurulmasını hədəfləyir. On illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək.

İqlim dəyişmələrinin təsirlərinin artdığı, su ehtiyatlarının azalması risklərinin aktuallaşdığı bir dövrdə bu sahədə çevik və koordinasiyalı qərarların qəbulu zəruridir. Bu zərurətdən irəli gələrək dövlət səviyyəsində bir sıra mühüm addımlar atılıb və su təsərrüfatının idarə olunması yeni mərhələyə qədəm qoyub. Bu addımlardan biri kimi, 2020-ci il aprelin 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Dövlət Su Komissiyası yaradılıb. Komissiyaya ölkə üzrə su istifadəsinin mövcud vəziyyətinin təhlili, uçot və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də təxirəsalınmaz tədbirlərin hazırlanması tapşırılıb. Bundan bir neçə ay sonra – dövlətimizin başçısının 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə 2020–2022-ci illər üçün su obyektlərinin monitorinqinin aparılması, nəzarətsiz su götürmələrin qarşısının alınması, uçot sisteminin qurulması, su itkilərinin azaldılması və digər prioritet istiqamətlər üzrə tədbirlər təsdiq edilib. Bununla yanaşı, su balansının elektron uçotunun aparılması, su obyektlərində və subartezian quyularında suyun götürülməsi və səviyyəsinin real vaxt rejimində izlənməsi məqsədilə “Elektron su təsərrüfatı” informasiya sisteminin yaradılmasına start verilib.

 

            Aytən İmanova,

            YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.