Prezident İlham Əliyev: Bakı və Abşeronun su təhlükəsizliyi dövlət siyasətinin prioritetidir.

2026-01-16 Baxış: 5
img

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunub. Müşavirədə dövlət başçısı ölkədə son 20 ildə həyata keçirilən iri infrastruktur layihələrini, su təhlükəsizliyi sahəsində görülmüş işləri və qarşıda duran əsas vəzifələri ətraflı şəkildə diqqətə çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanda əsas infrastruktur məsələləri öz həllini tapıb. Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatıb, avtomobil yollarının, həm magistral, həm də kənd və şəhərlərarası yolların inşası geniş vüsət alıb. Elektrik enerjisi istehsalı və ötürülməsi, su təchizatı, qazlaşma, körpü və tunellərin tikintisi ilə bağlı layihələr işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bütün ölkə üzrə icra olunur. Uzun illər işğal altında qalmış ərazilər vahid infrastruktur şəbəkəsinə qoşularaq sürətlə dirçəlir.

Son 20 il ərzində dörd böyük su anbarının inşa edildiyini vurğulayan dövlət başçısı bu anbarların ümumi potensialının 500 milyon kubmetrdən çox olduğunu bildirib. Xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” su anbarlarının strateji əhəmiyyəti qeyd edilib. Bu layihələr Bakının və ölkənin qərb bölgəsinin su təchizatında yarana biləcək ciddi problemlərin qarşısını alıb. “Ceyranbatan” su anbarı tam yenidən qurulub, müasir sutəmizləyici qurğular istifadəyə verilib.

Prezident İlham Əliyev Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı su terroru həyata keçirdiyini də diqqətə çatdırıb. İşğal dövründə “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularından siyasi və ekoloji təzyiq aləti kimi istifadə edildiyini bildirən dövlət başçısı bu gün həmin anbarların tamamilə yenidən qurulduğunu qeyd edib. Azad edilmiş ərazilərdə “Köndələnçay”, “Xaçınçay”, “Zabuxçay” su anbarları bərpa edilib, “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi isə planlaşdırılır.

Dövlət başçısı vurğulayıb ki, su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın su ehtiyatlarının təqribən dörddəbirinin vaxtilə işğal altında olmuş ərazilərdə formalaşması, bu ərazilərin azad edilməsi ilə su təhlükəsizliyinin daha da möhkəmlənməsinə imkan yaradıb. Bununla yanaşı, Kür, Araz və Samur kimi transsərhəd çayların da ölkənin su balansında mühüm rol oynadığı qeyd edilib.

İqlim dəyişikliklərinin yaratdığı risklərə toxunan Prezident İlham Əliyev bildirib ki, su təhlükəsizliyi məsələləri sistemli şəkildə həll olunmalıdır. Əsas məqsəd əhalinin, kənd təsərrüfatının və sənayenin dayanıqlı su ilə təmin edilməsi, su mənbələrinin qorunması, su anbarlarının potensialının artırılması və itkilərin minimuma endirilməsidir.

Yeni Dövlət Proqramı Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıtı və Abşeron rayonunu əhatə edəcək. Proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasının dayanıqlı içməli su ilə təmin edilməsidir. 2035-ci ilə qədər icra olunacaq proqram dövlət büdcəsi və xarici kreditlər hesabına maliyyələşdiriləcək. Prezident İlham Əliyev Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin cəmi 6 faizdən bir qədər çox olduğunu qeyd edərək, ölkənin maliyyə imkanlarının bu cür iri layihələri reallaşdırmağa imkan verdiyini bildirib.

Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təmin olunan əhalinin payının 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, 200 kilometrdən artıq magistral kanal və paylayıcı şəbəkə tikilib yenidən qurulacaq. Hazırda 40–45 faiz təşkil edən su itkilərinin kəskin azaldılması əsas hədəflərdən biridir.

Yağış sularının idarə olunması məqsədilə Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması, kanalizasiya xidməti ilə əhatə olunan əhalinin payının 95 faizə çatdırılması planlaşdırılır. Dənizə buraxılan tullantı sularının 100 faiz təmizlənməsi, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcək, Hövsan sutəmizləyici stansiyası modernləşdiriləcək.

Proqram çərçivəsində ölkədə ilk dəfə olaraq Abşeron yarımadasında duzsuzlaşdırma zavodunun inşasına da start verilib. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə Bakının və Abşeronun su təchizatını əhəmiyyətli dərəcədə gücləndirəcək və yeni alternativ su mənbəyi yaradacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, proqramın icrasına ciddi nəzarət ediləcək, ictimai nəzarət təmin olunacaq və proses mətbuatda geniş işıqlandırılacaq. Məqsəd hər bir vətəndaşın bu layihələrin nəticələrini aydın şəkildə görməsi və su təhlükəsizliyinin uzunmüddətli təmin olunmasıdır.

 

 

 

            Hökmalı Mirzəyev,

            YAP Hacıqabul rayon təşkilatının sədr müavini.