Əbu-Dabidən dünyaya verilən sülh mesajı: Azərbaycan nümunəsi

2026-02-09 Baxış: 3
img

4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi təkcə nüfuzlu bir beynəlxalq tədbir deyil, eyni zamanda, qlobal sülh və dialoq tarixində mühüm bir mərhələ kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər mükafata layiq görülməsi ölkəmizin beynəlxalq aləmdə sülhə, qarşılıqlı anlaşmaya və humanist dəyərlərə verdiyi töhfələrin yüksək qiymətləndirilməsidir.

Prezident İlham Əliyev çıxışında Birləşmiş Ərəb Əmirliklərinin banisi, uzaqgörən dövlət xadimi Şeyx Zayed bin Sultan Al Nəhyanın tarixi rolunu xüsusi vurğuladı. Onun əsasını qoyduğu inkişaf modeli bu gün də BƏƏ-nin uğurlarının təməlində dayanır. Bu siyasi xəttin Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən uğurla davam etdirilməsi ölkəni sülh, sabitlik və müasirlik nümunəsinə çevirib.

Çıxışın əsas leytmotivi isə Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi sülh idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, real sülh şəraitində yaşamağı öyrənir. Bu, sadəcə siyasi razılaşma deyil, bütöv bir xalq üçün yeni psixoloji və ictimai mərhələnin başlanğıcıdır.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Zirvə Görüşündən sonra keçən altı ay tərəfdaşlıq, əməkdaşlıq və qarşılıqlı etimadın formalaşması dövrü kimi xarakterizə olundu. Sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə üç onillikdən artıq davam edən qanlı münaqişəyə son qoyuldu. Bu prosesdə beynəlxalq ictimaiyyətin, xüsusilə də ABŞ-ın rolu Prezident tərəfindən yüksək qiymətləndirildi.

Maraqlı və diqqətçəkən məqamlardan biri də artıq konkret əməkdaşlıq addımlarının atılmasıdır. Azərbaycan təkcə nəqliyyat məhdudiyyətlərini aradan qaldırmaqla kifayətlənməyib, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına başlayıb. Bu addımlar sülhün yalnız kağız üzərində deyil, real iqtisadi və humanitar müstəvidə də möhkəmləndiyini göstərir.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan-Ermənistan sülh modeli uzunmüddətli münaqişə yaşayan digər regionlar üçün nümunə ola bilər. Güclü siyasi iradə və beynəlxalq dəstək olduqda, ən dərin etimadsızlıq şəraitində belə sülhə nail olmaq mümkündür.

Əbu-Dabidə keçirilən mərasimin rəmzi mənası da xüsusi qeyd olundu. Məhz bu şəhər Vaşinqton Sammitindən əvvəl son danışıqların aparıldığı və sülhə gedən yolun əsas konturlarının müəyyənləşdirildiyi məkandır. Bu baxımdan, mükafatın məhz burada təqdim olunması sülhün coğrafiyasının və zamanının necə də dəqiq üst-üstə düşdüyünü göstərir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan bu gün təkcə regional güc deyil, həm də qlobal sülh təşəbbüslərinin fəal iştirakçısıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu yolun beynəlxalq miqyasda təsdiqi və gələcək nəsillər üçün ümid mesajıdır.

           

Aytən İmanova,

            YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.