Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri münasibətləri: yeni mərhələ, strateji tərəfdaşlıq və qlobal baxış

Müasir
beynəlxalq münasibətlər sistemində uğurlu xarici siyasət yalnız ikitərəfli əlaqələrin
qurulması ilə deyil, eyni zamanda regional və qlobal sabitliyə töhfə verən
çoxşaxəli əməkdaşlıq modeli ilə ölçülür. Azərbaycan Respublikasının son illərdə
həyata keçirdiyi xarici siyasət də məhz bu prinsiplərə əsaslanır. Prezident
İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə söykənən,
milli maraqlara xidmət edən bu siyasət Azərbaycanın etibarlı tərəfdaş kimi
mövqeyini daha da möhkəmləndirmişdir.
Bu
kontekstdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər
xüsusi əhəmiyyət kəsb edir. Tarixi köklərə, ortaq mənəvi dəyərlərə, qarşılıqlı
hörmət və etimada əsaslanan bu əlaqələr bu gün artıq strateji tərəfdaşlıq mərhələsinə
yüksəlmişdir.
Azərbaycan–BƏƏ
münasibətlərinin əsas sütunlarından biri yüksəksəviyyəli siyasi dialoqdur.
Qarşılıqlı səfərlər, dövlət və hökumət başçıları səviyyəsində mütəmadi görüşlər
iki ölkə arasında münasibətlərin sabit və davamlı xarakter daşıdığını göstərir.
BƏƏ Azərbaycanın sülh gündəliyini dəstəkləyən, regionda sabitliyin və təhlükəsizliyin
möhkəmləndirilməsində maraqlı olan mühüm tərəfdaşdır.
Hər iki
ölkə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq
platformalarda bir-birinə ardıcıl dəstək nümayiş etdirir. Xüsusilə Qoşulmama Hərəkatına
Azərbaycanın sədrlik etdiyi dövrdə BƏƏ-nin ölkəmizin təşəbbüslərini dəstəkləməsi
bu həmrəyliyin bariz nümunəsidir.
Azərbaycan
ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi və ticarət əlaqələri son illərdə
dinamik inkişaf mərhələsinə qədəm qoyub. BƏƏ Azərbaycanın əsas investisiya tərəfdaşlarından
biri kimi enerji, logistika, nəqliyyat və xüsusilə bərpa olunan enerji sahələrində
fəal iştirak edir.
Bu
baxımdan “yaşıl enerji” sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Azərbaycanın
böyük bərpa olunan enerji potensialı ilə BƏƏ-nin qabaqcıl texnologiya və
investisiya imkanlarının vəhdəti uğurlu nəticələr verməkdədir. BƏƏ-nin “Masdar”
şirkətinin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının
inşası təkcə iqtisadi layihə deyil, həm də strateji enerji əməkdaşlığının rəmzidir.
İkitərəfli
münasibətlərin yeni mərhələsində müdafiə sənayesi və hərbi əməkdaşlıq da ön
plana çıxır. Səfər çərçivəsində müdafiə əməkdaşlığı üzrə niyyət protokolunun
imzalanması bu sahədə siyasi iradənin mövcudluğunu açıq şəkildə nümayiş
etdirir.
Bununla
yanaşı, Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın
“Sülh qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləmələri iki ölkə
silahlı qüvvələri arasında qarşılıqlı etimadın və peşəkar əməkdaşlığın yüksək səviyyədə
olduğunu təsdiqlədi. Bu təlim regional təhlükəsizlik və sabitliyin qorunmasına
birgə töhfə verən mühüm addım kimi dəyərləndirilir.
Azərbaycan–BƏƏ
münasibətlərinin mənəvi-siyasi zirvələrindən biri Prezident İlham Əliyevin
2026-cı il üçün nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsidir.
Bu mükafat onilliklər boyu Qafqazda davam etmiş münaqişəyə son qoyan və Azərbaycan
ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə
yönəlmiş sazişin paraflanmasına görə təqdim olunub.
Mükafatın
müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən verilməsi Prezident İlham
Əliyevin sülhün bərqərar olunması, humanitar dəyərlərin təşviqi və regional
barışığın təmin edilməsi istiqamətində fəaliyyətinə beynəlxalq səviyyədə verilən
yüksək qiymətin ifadəsidir.
Azərbaycan
və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər bu gün artıq sadə ikitərəfli
əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Yüksək səviyyəli şəxsi münasibətlər, siyasi etimad, iqtisadi maraqların
uzlaşması və ortaq dəyərlər üzərində qurulan bu əlaqələr gələcəkdə daha geniş
coğrafiyanı əhatə edən əməkdaşlıq imkanları yaradır.
Müasir
beynəlxalq çağırışlar fonunda Azərbaycan–BƏƏ tərəfdaşlığı regional sabitliyə,
qlobal enerji təhlükəsizliyinə və sülh gündəliyinin irəliləməsinə mühüm töhfə
verən uğurlu model kimi çıxış edir.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü
Digər xəbərlər



