Prezident İlham Əliyev: Sülh real addımlarla möhkəmlənir

2026-cı
il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed İnsan
Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı bu nüfuzlu mükafatın təqdim
olunmasını insanlıq, qarşılıqlı anlaşma və sülh dəyərlərinin təşviqi baxımından
yüksək qiymətləndirib, mərasimin keçirildiyi məkanın və vaxtın daşıdığı
simvolik mənaya diqqət çəkib.
Prezident
İlham Əliyev çıxışında Azərbaycan və Ermənistan arasında sülhün bərqərar
olunması istiqamətində beynəlxalq ictimaiyyətin göstərdiyi dəstəyi xüsusi
vurğulayıb. O, bu prosesə verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının
Prezidentinə minnətdarlığını ifadə edərək qeyd edib ki, beynəlxalq tərəfdaşların
konstruktiv mövqeyi regionda davamlı sülhün əldə olunmasına mühüm töhfə verir.
Dövlət başçısı bildirib ki, sülh yalnız siyasi bəyanatlarla deyil, real
addımlarla möhkəmlənməlidir və Azərbaycan bu istiqamətdə prinsipial mövqe
nümayiş etdirir.
Çıxışda
vurğulanıb ki, Azərbaycan humanitar və iqtisadi sahələrdə etimad mühitinin
formalaşdırılması üçün konkret qərarlar qəbul edib. Belə ki, Azərbaycan öz ərazisindən
Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmaqla
yanaşı, eyni zamanda Ermənistana neft məhsullarının ixracına da başlayıb.
Prezident İlham Əliyev bu addımların regionda qarşılıqlı asılılığın və əməkdaşlığın
gücləndirilməsinə xidmət etdiyini qeyd edib və bunun sülh prosesinin praktik nəticəsi
olduğunu bildirib.
Dövlət
başçısı çıxışında diqqətə çatdırıb ki, iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin
inkişafı xalqlar arasında etimadın möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan
tərəfindən atılan bu addımların məqsədi regionda sabitliyin təmin olunması,
uzunmüddətli sülhün möhkəmləndirilməsi və gələcək əməkdaşlıq üçün sağlam zəminin
yaradılmasıdır.
Prezident
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın adının daşıdığı dəyərlərə
toxunaraq qeyd edib ki, bu mükafat dialoq, tolerantlıq və qarşılıqlı hörmət
ideyalarını təcəssüm etdirir. O bildirib ki, Azərbaycan bu dəyərlərə hər zaman
sadiq olub və beynəlxalq münasibətlərdə əməkdaşlıq, qarşılıqlı anlaşma və sülh
prinsiplərini əsas götürür.
Çıxışın
sonunda dövlət başçısı vurğulayıb ki, regionda yeni reallıqlar yaranıb və bu
reallıqlar əməkdaşlıq, inkişaf və birgəyaşayış üçün geniş imkanlar açır. Azərbaycan
gələcəkdə də sülhün möhkəmləndirilməsi və insan qardaşlığı ideyalarının təşviqi
istiqamətində öz səylərini davam etdirəcək.
Həcərxanım
Nəzərova,
YAP
fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı.
Digər xəbərlər



