Strateji Tərəfdaşlıq Xartiyası: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ

2026-02-13 Baxış: 6
img

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin 10 fevral tarixində Azərbaycana rəsmi səfəri iki ölkə münasibətlərində yeni siyasi mərhələnin başlanğıcı kimi tarixə düşdü. Son 18 ildə ABŞ vitse-prezidenti səviyyəsində Azərbaycana səfərin həyata keçirilməməsi fonunda bu səfər təkcə diplomatik hadisə deyil, həm də ciddi geosiyasi məna daşıyırdı. Cey Di Vens regiona səfərinə Ermənistandan başlasa da, Bakıda keçirilən görüşlər və səsləndirilən fikirlər göstərdi ki, Vaşinqton Cənubi Qafqaz siyasətinə yeni baxış formalaşdırır və bu baxışda Azərbaycan əsas tərəfdaş kimi qiymətləndirilir. Məhz bu səfər çərçivəsində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin formal çərçivədən çıxaraq strateji müstəviyə yüksəldiyini təsdiqlədi.

Azərbaycan-ABŞ münasibətləri bir neçə il əvvəl arzuolunan səviyyədən xeyli uzaqlaşmışdı. Əvvəlki ABŞ administrasiyası dövründə regiona yanaşmada balans pozulmuş, münasibətlərdə soyuqluq və qarşılıqlı etimadın zəifləməsi müşahidə olunmuşdu. Prezident İlham Əliyevlə geniştərkibli görüş zamanı ABŞ-ın vitse-prezidenti münasibətlərin yeni mərhələdə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və real strateji maraqlar əsasında qurulmasının vacibliyini vurğuladı. Bu yanaşma əvvəlki mərhələdə mövcud olmuş problemlərdən nəticə çıxarıldığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Faktiki olaraq, iki dövlət arasında sağlam və sistemli əməkdaşlıq mühiti Donald Trampın hakimiyyətə qayıdışından sonra formalaşmağa başladı. Yeni administrasiya regiona ideoloji prizma ilə deyil, praqmatik baxışla yanaşaraq Azərbaycanı etibarlı və strateji tərəfdaş kimi qəbul etdi və münasibətlərin bərpası üçün real zəmin yaratdı.

2025-ci ilin 8 avqust tarixində Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş yüksək səviyyəli görüş bu yeni mərhələnin siyasi əsasını qoydu. Həmin görüşdə münasibətlərin strateji çərçivədə inkişaf etdirilməsi barədə razılıq əldə olundu və konkret mexanizmlərin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alındı. Qısa müddətdə fəaliyyətə başlayan işçi qrup siyasi dialoqdan enerji təhlükəsizliyinə, nəqliyyat dəhlizlərindən rəqəmsal transformasiyaya, müdafiə və təhlükəsizlik əməkdaşlığından investisiya imkanlarına qədər geniş istiqamətləri əhatə edən konseptual sənəd hazırladı. Nəticədə ortaya çıxan Strateji Tərəfdaşlıq Xartiyası təsadüfi sənəd deyil, düşünülmüş və gələcəyə hesablanmış siyasi yol xəritəsidir.

Xartiyada dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipi xüsusi yer tutur. Bu müddəa Azərbaycanın milli maraqlarının və postmünaqişə dövründə formalaşmış yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun göstəricisidir. Sənəddə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, Xəzər enerji resurslarının qlobal bazarlara təhlükəsiz və dayanıqlı şəkildə çatdırılması, həmçinin Orta Dəhliz kimi strateji nəqliyyat marşrutlarının inkişafına dəstək ifadə olunmuşdur. Bu, Azərbaycanın təkcə enerji istehsalçısı deyil, eyni zamanda mühüm geoiqtisadi mərkəz kimi rolunun ABŞ tərəfindən açıq şəkildə tanınması deməkdir.

Xartiya eyni zamanda iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutur. Qarşılıqlı investisiyaların təşviqi, yüksək texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur və kiber təhlükəsizlik sahələrində birgə təşəbbüslər prioritet istiqamətlər kimi müəyyən edilib. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi isə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu, Azərbaycanın regional təhlükəsizlik arxitekturasında oynadığı rolun və məsuliyyətinin beynəlxalq səviyyədə qəbulunun növbəti təsdiqidir.

Prezident İlham Əliyev mətbuata bəyanatında imzalanmış Xartiyanın altı ay davam edən məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirərək sənədin iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırdığını vurğuladı. Strateji Tərəfdaşlıq haqqında Xartiya əməkdaşlığın gələcək inkişafı üçün möhkəm əsas yaradır və siyasi dialoqun daha da dərinləşməsinə xidmət edəcəkdir. Bu yanaşma Azərbaycanın müstəqil siyasət kursunun və qarşılıqlı hörmət prinsipinə sadiqliyinin növbəti təzahürüdür.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə çıxışında imzalanmış sənədin iki ölkə arasında münasibətlərin yeni mərhələsini rəsmiləşdirdiyini qeyd etdi. O, ABŞ və Azərbaycan arasında əməkdaşlığın qarşılıqlı maraqlara əsaslandığını və regionda sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. Vitse-prezident münasibətlərin bundan sonra daha sistemli və praqmatik əsaslarla inkişaf etdiriləcəyini vurğuladı.

Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycanın artan beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin prinsipial, qətiyyətli və balanslaşdırılmış xarici siyasət kursunun növbəti mühüm nəticəsidir. Bu sənəd göstərir ki, güclü və müstəqil Azərbaycanla hesablaşırlar, onunla bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq edirlər. Yeni mərhələ təkcə iki ölkə münasibətlərinin deyil, bütövlükdə regionun siyasi və geosiyasi mənzərəsinin dəyişdiyini nümayiş etdirir.

 

Ülvi Fərzəliyev,

YAP Neftçala rayon təşkilatının sədri