Tərəfdaşlıq Xartiyası Azərbaycanın regional və qlobal mövqeyini daha da gücləndirəcək

Fevralın 10-da daha bir tarixi hadisənin şahidi olduq. Belə ki,
Bakıda Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən
hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı.
Bu mötəbər sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün
olduqca mühüm əhəmiyyətə malikdir. Sözügedən sənədə istinadən tərəflər
müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik
əməkdaşlığının əhatəsini genişləndirmək niyyətindədirlər.
Bundan
başqa, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində
bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Xüsusilə, ABŞ Azərbaycanın
mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri
nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və
texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək
istəyindədir. Xartiyaya görə, Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini
(Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun
inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması,
gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli
sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək
iddiasındadırlar.
Prezidenti
İlham Əliyev bu barədə deyib: «Biz Azərbaycana çox müsbət münasibətə görə
Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq
Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir».
Həmçinin
qeyd edilib ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu
Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq
üçün yeni imkanlar yaratmışdır. Xartiyada qeyd edilib ki, tərəflər
Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə
beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan
Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz
bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını
reallaşdıracaq multimodal bağlantı layihəsi kimi «Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu»nun (TRIPP) əhəmiyyətini yüksək dəyərləndirirlər.
Sözügedən
sənədin imzalanması mərasimində mətbuata birgə bəyanatda Prezident İlham Əliyev
bildirib ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə
qədəm qoyur: «Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın
müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı
davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin
enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan
öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir,
onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir».
Prezident
İlham Əliyev çıxışında TRIIP dəhlizinin səmərəliliyi barədə danışıb. Bildirib
ki, bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda,
çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan
ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər
qonşular da burada iştirak edəcəklər.
ABŞ-ın
Vitse-prezidenti Cey. Di. Vens isə öz çıxışında bildirib ki, Azərbaycanla
ABŞ arasında yeni səhifələr açılır. Bu gün biz dostluğuna görə Azərbaycana təşəkkür
etmək üçün buradayıq. Vens əlavə edib ki, «Prezident Donald Tramp və Prezident
İlham Əliyevin sayəsində əlaqələrimiz çox inkişaf edəcək».
Bu
mötəbər sənəddə süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının
gücləndirilməsi, hərbi sənaye avadanlıqlarının satışı, eləcə də digər mühüm
iqtisadi layihələri əhatə edir. Bu amillər Azərbaycanın regional və qlobal
mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



