İmzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına dair strateji baxışı əks etdirir.

2026-02-14 Baxış: 7
img

Bu gün yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafı istiqamətində hər iki tərəfin göstərdiyi səylər dünyanın diqqət mərkəzindədir. Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Prezident Donald Tramp üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etdi. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi oldu, həmçinin Birgə Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi imzaladı və bununla da 30 il davam edən münaqişəyə son qoyuldu. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları oldu. Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin kontektsində 2025-ci ili tarixi il kimi də dəyərləndirir.

Azərbaycan-ABŞ münasibətlərində mərhələ-mərhələ baş verən dəyişikliklər fevralın 10-da ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin dövlətimizin başçısı ilə keçirdiyi görüşlərdə də diqqət göstərilən məsələlər sırasında oldu. ABŞ rəsmisi mətbuata bəyanatında səsləndirdiyi fikirləri ilə Azərbaycanın əməkdaşlıqda nə qədər səmimi, dövlətlərarası münasibətlərdə əsas amil olan qarşılıqlı etimad mühitinin qorunmasında və möhkəmləndirilməsində maraqlı olmaqla yanaşı, bunu real addımları ilə təsdiqlədiyini etiraf etdi.

Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Dövlətimizin başçısının ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı prezidentlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalamışdılar. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri zamanı isə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdı”.

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-ABŞ əməkdaşlığı beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində önəmli rol oynayacaq. İki ölkə fəal və səmərəli birgə iş, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davam etdirəcək. İmzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına dair strateji baxışı əks etdirir.

 

Maya Qənbərova

YAP fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı.