Azərbaycan–Serbiya əməkdaşlığı qarşılıqlı güclənmə modeli təqdim edir

Prezident
cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri və səfər
çərçivəsində verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin keyfiyyətcə
yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının
çıxışında vurğulanan məqamlar iki ölkə arasında formalaşmış etibarlı siyasi
dialoqun, qarşılıqlı dəstəyə əsaslanan prinsipial mövqeyin və uzunmüddətli
strateji planların konturlarını aydın şəkildə ortaya qoyur. Prezident cənab
İlham Əliyevin “bizim təmaslarımız uzun illərdir ki, davam edir” fikri Azərbaycan–Serbiya
münasibətlərinin təsadüfi deyil, sistemli və ardıcıl xarakter daşıdığını göstərir.
Bakı ilə Belqrad arasında əlaqələr qarşılıqlı hörmət, suverenliyə və ərazi
bütövlüyünə dəstək prinsipləri üzərində qurulub. Serbiya xalqının dövlət
suverenliyinin qorunması istiqamətində göstərdiyi səylərə verilən yüksək qiymət
və Prezident Aleksandr Vuçiçin liderlik keyfiyyətlərinin xüsusi vurğulanması, əslində,
iki ölkənin oxşar dövlətçilik fəlsəfəsini bölüşdüyünü göstərir.
Həm
Azərbaycan, həm də Serbiya mürəkkəb geosiyasi mühitdə milli maraqları prioritet
tutaraq, müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdürlər. Beynəlxalq
platformalarda qarşılıqlı dəstək – xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində
ortaq mövqe – bu tərəfdaşlığın əsas sütunlarından biridir. Bu amil iki ölkənin
strateji etimad mühitini daha da möhkəmləndirir. Serbiya–Azərbaycan Strateji
Şurasının birinci iclasının keçirilməsi əməkdaşlığın institusional çərçivəsinin
gücləndirilməsi baxımından mühüm addımdır. Bu mexanizm əlaqələrin yalnız siyasi
bəyanatlarla məhdudlaşmadığını, konkret fəaliyyət planlarına və yol xəritələrinə
əsaslandığını göstərir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, gələcək
üçün “açıq-aydın planlar” mövcuddur. Bu planlar üç əsas istiqaməti əhatə edir:
siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının
genişləndirilməsi, energetika və nəqliyyat sahəsində sinerjinin gücləndirilməsi.
Xüsusilə nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Orta Dəhliz
kontekstində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda tranzit və
enerji qovşağı kimi mövqeyini möhkəmləndirdiyi bir vaxtda, Serbiya da Balkan
regionunda strateji logistika mərkəzi rolunu gücləndirməyə çalışır. Bu baxımdan
tərəflər arasında yaranan sinerji Avrasiya məkanında yeni əməkdaşlıq
konfiqurasiyalarına yol aça bilər.
Səfərin
ən mühüm istiqamətlərindən biri energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi
oldu. Prezident cənab İlham Əliyevin “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə
qoymağa hazırdır” bəyanatı iki ölkə arasında iqtisadi tərəfdaşlığın keyfiyyətcə
yeni mərhələyə keçdiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası
layihəsi yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Bu layihə
Serbiyanın daxili enerji istehsal gücünü artıracaq, enerji təhlükəsizliyini
möhkəmləndirəcək, regional enerji bazarında rəqabət qabiliyyətini yüksəldəcək.
Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq, islahatlar nəticəsində
əlverişli investisiya mühitinin formalaşdırılması xarici investorlar üçün cəlbedici
şərait yaradıb. Azərbaycanın bu prosesdə fəal iştirak etməsi iki ölkə arasında
iqtisadi etimadın yüksək səviyyədə olduğunu göstərir.Cənab Prezidentin çıxışını
“Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!”
sözləri ilə yekunlaşdırması isə münasibətlərin yalnız praqmatik deyil, eyni
zamanda səmimi və dostluq ruhuna əsaslandığını göstərir.
Prezident
cənab İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin
strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini və yeni çoxşaxəli əməkdaşlıq
mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Siyasi etimad, qarşılıqlı dəstək,
enerji təhlükəsizliyi, investisiya layihələri və yaşıl enerji perspektivləri bu
tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Müasir geosiyasi şəraitdə müstəqil
siyasət yürüdən, suverenliyini prioritet sayan və iqtisadi inkişafı milli
resurslara söykənərək təmin edən iki dövlətin əməkdaşlığı təkcə ikitərəfli
münasibətlər çərçivəsində deyil, daha geniş regional və Avropa kontekstində də
mühüm əhəmiyyət daşıyır. Bu səfər göstərdi ki, Bakı və Belqrad arasında qurulan
strateji körpü uzunmüddətli və dayanıqlı perspektivə malikdir.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı
Digər xəbərlər



