Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması.

XX
əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə
qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi
tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və
Srebrenitsa kimi dəhşətli faciələrindən heç də geri qalmır. Adıçəkilən hadisələr
müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün
dünyada geniş əks-səda doğurmuşdur.
Planlı
şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər
Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd
kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən
biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət
7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən
böyük və qədim yaşayış məskəni olmuşdur. Belə ki, burada qədim tarixi abidələr
müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl
XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi.
1992-ci ilin fevralında erməni silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə
qırarkən soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə
də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi
olan Xocalı abidələrini də dağıtmışlar.
Eyni
zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli
ərazi kimi də erməniləri narahat edirdi. Çünki Xocalı Xankəndindən 10 kilometr
cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin
əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının
məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi
Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən
aeroportu ələ keçirmək idi.
Hələ
faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün
avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla
yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə,
artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş,
yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra
Xocalı ilə vertolyot əlaqəsi də kəsildi.
1992-ci
ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Belə ki,
fevral ayının 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan
silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək isə ermənilərin
Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində kəndin 92 nəfər müdafiəçisi
və 54 sakini öldürülərək silos quyusuna atılmış, 118 nəfər kənd əhalisi (uşaq,
qadın, qoca) girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə
yetirilmişdi. Bundan əlavə, 1991-ci il iyunun 28-də ermənilər həmin kəndin Vərəndəli
fermasında 6 nəfəri diri-diri yandırmışdılar.
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində
yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı
motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş
maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə
aldı. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan
etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və
insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən,
gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə
salınanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə,
613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri
isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki,
onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər
itkin düşmüşdür.
Bütün
dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti
yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən
qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan
Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət
vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı
ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı
fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
2002-ci
il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu
ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl
qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni
şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata
keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Hazırda
bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq
bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət
kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə
yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində
davamlı olaraq addımlar atılmışdır.
Bu
baxımdan, Heydər Əliyev Fondu, xüsusilə fondun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir.
Belə ki, fond bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı
haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət
göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən
“Xocalı - uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin
dünyanın aparıcı ölkərində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən
böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır.
2007-ci
il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan
“Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin
beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin
İstanbul şəhərində və 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində
anım mərasimləri keçirmişdir. Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə
tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı
soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə
əhəmiyyətli olmuşdur.
Heydər
Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq
dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə
tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir.
Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi
və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya
Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (hazırda
İslam Əməkdaşlıq Təşkilatı adlanır) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu
(İƏT GF) çərçivəsində uğurla davam etdirilir.
2008-ci
il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla
xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təsis edilmiş, fəaliyyətinə
isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 60-dan çox ölkədə yüzlərlə
könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq
informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu
kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq,
qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı
qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi
və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə
uğurla həyata keçirilir.
Bu
uğurlu kampaniyanın əsas nəticəsi başlanandan az sonra İslam Əməkdaşlıq Təşkilatı
xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək
barədə qətnamənin qəbuluna nail olunmasıdır. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq
Təşkilatı Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində
Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması
barədə razılıq əldə edilmişdir.
Leyla
xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü
bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. 2010-cu il yanvarın
31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının
Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri
başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İslam Əməkdaşlıq
Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı
arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. “Xocalıya ədalət” beynəlxalq
kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni
silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa
qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq
kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran
bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini
“insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.
2011-ci
il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə İslam Əməkdaşlıq
Təşkilatı Parlament İttifaqı Şurasının XIII sessiyası keçirilmişdir. Sessiyada
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsini
“insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Əbu Dabi Bəyannaməsi
qəbul edilmişdir.
2012-ci
il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının üzvü olan
dövlətlərin İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası “Xocalıya
ədalət” beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir. “Azərbaycan
Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı son illər
davamlı olaraq qəbul edilən qətnaməyə forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə
olunmuşdur. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd olunur: “Konfrans üzv ölkələrin
parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın
26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata
keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və
Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir”.
Bu
tanınma 2009-cu ildən həyata keçirilən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım
Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyətinin
nəticəsi olmuşdur. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul
edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə
soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Xatırladaq ki,
İƏT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir
və ən böyük parlamentlərarası beynəlxalq qurumlardandır. Bu qətnamə Xocalı faciəsinin
erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı
siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti
törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün çox mühüm əhəmiyyətli bir sənəddir.
2012-ci
il noyabrın 15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri
Şurasının (İƏT XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında İƏT XİNŞ Xocalı faciəsini
ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır. İƏT XİNŞ üzvü olan ölkələri və
İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək
olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı
cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır. İƏT-in ali orqanı olan
və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın
6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında
Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi
tanınmışdır.
Allahverdi Ağayev,
YAP
fəalı, Hacıqabul rayon Tağılı kənd orta ümumtəhsil məktəbinin director müavini.
Digər xəbərlər



