26 Fevral – Xocalı Soyqırımı Günü Tarixin qanlı səhifəsi

2026-02-26 Baxış: 5
img

26 fevral Azərbaycan tarixinin ən faciəli və unudulmaz günlərindən biridir. 1992-ci ilin fevralında Xocalıda törədilən qətliam yalnız bir şəhərə deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş ağır cinayət idi. Dinc əhaliyə – qadınlara, uşaqlara, qocalara qarşı törədilən vəhşiliklər insanlıq əleyhinə cinayət kimi tarixə həkk olundu.

Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsini belə qiymətləndirirdi:

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

Bu sözlər faciənin miqyasını və mahiyyətini aydın şəkildə ifadə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsini iki əsrdən artıq müddətdə xalqımıza qarşı aparılan soyqırımı siyasətinin qanlı səhifəsi kimi səciyyələndirərək bildirib:

“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik... Xocalıya ədalət tələbimiz tam haqlı idi... Biz tarixi ədaləti bərpa etmişik.”

Bu gün Xocalının azad olunması və bərpası tarixi ədalətin təntənəsi kimi qiymətləndirilir. Xocalı artıq təkcə ağrı simvolu deyil, həm də dirçəliş və qayıdış rəmzidir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması

Azərbaycan dövləti və diaspor təşkilatları uzun illərdir ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar bu faciəni soyqırımı və ya insanlıq əleyhinə cinayət kimi tanımışdır.

Bu istiqamətdə aparılan işlər tarixi həqiqətlərin beynəlxalq hüquq müstəvisində qəbul olunmasına xidmət edir.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan Xocalıya Ədalət kampaniyası beynəlxalq məlumatlandırma kampaniyası Xocalı həqiqətlərinin dünyada tanıdılması baxımından mühüm rol oynayır.

Kampaniya çərçivəsində sərgilər, konfranslar, aksiyalar və informasiya layihələri həyata keçirilir, minlərlə insan Xocalı həqiqətləri barədə məlumatlandırılır.

Justice for Khojaly informasiya portalı Xocalı soyqırımı ilə bağlı faktların, sənədlərin və şahid ifadələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rola malikdir. Portal erməni millətçi qüvvələrinin törətdiyi cinayətlərin ifşasında mühüm təbliğat platforması kimi çıxış edir.

Xocalı faciəsindən dərhal sonra bir sıra nüfuzlu xarici media orqanları hadisəni obyektiv şəkildə işıqlandırmışdır:

The Sunday Times (1 mart 1992) erməni silahlı qüvvələrinin dinc ailələri məhv etdiyini yazmışdır.

Financial Times (9 mart 1992) Ağdama tərəf hərəkət edən insanların güllələnməsi barədə məlumat vermişdir.

The Times (4 mart 1992) meyitlərin eybəcər hala salındığını qeyd etmişdir.

İzvestiya (4 mart 1992) uşaqlara və qadınlara qarşı xüsusi qəddarlıq faktlarını təsdiqləmişdir.

Le Monde (14 mart 1992) xarici jurnalistlərin gördükləri dəhşətli mənzərəni reallıq kimi təqdim etmişdir.

Bu materiallar sübut edir ki, Xocalıda baş verənlər təbliğat deyil, acı həqiqət idi.

2023–2025-ci illərdə Prezident İlham Əliyevin Xocalıya çoxsaylı səfərləri bölgənin sürətli bərpasının göstəricisidir. Dövlət Bayrağının Xocalı şəhərində və Əsgəran qəsəbəsində ucaldılması, infrastruktur layihələrinin icrası, kəndlərin bərpası, hava limanı, yarımstansiya, sənaye və kənd təsərrüfatı müəssisələrinin açılışı Xocalının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

26 fevral 2024-cü ildə Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi keçirildi və şəhidlərin xatirəsi ehtiramla yad edildi. Bu memorial həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərə həqiqətlərin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. Lakin bu gün Xocalı həm də qayıdışın, dirçəlişin və tarixi ədalətin rəmzidir.

26 Fevral – Xocalı Soyqırımı Günü yalnız anım günü deyil, həm də həqiqətlərin dünyaya çatdırılması, milli birliyin və dövlətçilik iradəsinin nümayiş olunduğu gündür.

Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq.

Unutmadıq. Unutdurmayacağıq.

 

 

Aytən İmanova,

YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.