İranın Naxçıvandakı terror aktı ölkəmizə qarşı növbəti xəyanətdir

Martın 5-də İran İslam Respublikasının ərazisindən
Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, bir ədəd
dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının
terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının
yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin
xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata
keçirilən bu dron hücumlarını qətiyyətlə pislənilib.
Elə
həmin gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik
Şurasının iclası keçirilib. Tədbirdə çıxış edən ölkə başçısı bildirib
ki, İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı
terror aktı törədilmişdir. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının ərazisini
İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri
mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb
və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan
dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə
cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir,
üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb
edilməlidir: «Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki,
İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin
Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların
imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin,
təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq.
Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək
göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi
Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç
vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək.
Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər
bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və
istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər. Biz Azərbaycan
xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə
Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin
olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim «Dəmir yumruğ»umuzu görəcək.
Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə
barışmayacağıq».
Məlumdur
ki, Azərbaycan Prezidentindən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə
getməyib. Bu barədə öləkəmizin başçısı bildirib: «Yəni bunu qiymətləndirməmək,
bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir.
Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim
gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq”
vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ
ilə bağlı tədbirlər planı hazırlanmalıdır.»
Tam
qətiyyətlə söyləmək olar ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq
hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət
edir. Qonşu ölkə tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsi,
bu terror aktına görə izahat verməsi və eyni zamanda, bu kimi halların gələcəkdə
təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməlidir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



