Qadın hüquqlarının təminatı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir.

2026-03-06 Baxış: 36
img

Müasir Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biri qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsidir. Ölkəmizdə qadınların ictimai, siyasi, iqtisadi və sosial həyatın bütün sahələrində fəal iştirakının təmin olunması dövlət siyasətinin prioritet məsələlərindən biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər qadınların cəmiyyətdə mövqeyinin daha da möhkəmlənməsinə və onların hüquqlarının etibarlı şəkildə təmin olunmasına xidmət edir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra qadın hüquqlarının müdafiəsi sahəsində mühüm hüquqi və institusional mexanizmlər formalaşdırılmışdır. Dövlət tərəfindən qəbul edilən proqram və sənədlər qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyət həyatında fəal iştirakının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2000–2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nın qəbul edilməsi ölkədə gender siyasətinin sistemli şəkildə həyata keçirilməsinə mühüm təkan vermişdir. Həmin sənəd milli prioritetlər nəzərə alınmaqla siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrində qadınların rolunun artırılmasını nəzərdə tutmuş, eyni zamanda qaçqın və məcburi köçkün qadınların problemlərinin həllinə xüsusi diqqət yetirmişdir.

Qadın hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasəti bu gün də ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirilən siyasətin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd qadın və kişilərin hüquq və imkanlarının bərabərliyinin təmin olunması, qadınların sosial-iqtisadi həyatda fəallığının artırılması və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qadın hüquqlarının müdafiəsi həmçinin ölkənin qanunvericilik sistemində də geniş şəkildə öz əksini tapmışdır. Azərbaycan Respublikasının Ailə, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrində qadınların hüquqlarının qorunmasına dair mühüm müddəalar təsbit olunmuşdur. Eyni zamanda Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşularaq qadın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklər götürmüşdür. Bu sənədlər sırasında “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” konvensiya xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, ölkəmizdə həyata keçirilən dövlət proqramları da qadınların sosial rifahının yüksəldilməsinə və onların cəmiyyət həyatında fəal iştirakının təmin olunmasına xidmət edir. Məsələn, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində qadınların məşğulluq imkanlarının genişləndirilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Beləliklə, Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi ardıcıl şəkildə həyata keçirilir. Qəbul edilən qanunvericilik aktları, dövlət proqramları və milli fəaliyyət planları qadınların hüquqlarının qorunmasına, onların cəmiyyət həyatında fəal iştirakının təmin olunmasına və gender bərabərliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Bu siyasət nəticəsində Azərbaycan qadınları bu gün ölkənin ictimai-siyasi, iqtisadi və sosial həyatında fəal iştirak edən mühüm qüvvəyə çevrilmişlər.

 

Günel Əliyeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sıədr müavini, partiya fəalı

Həsənabad qəsəbə Körpələr evi-Uşaq bağçasının müdiri