“8 Mart – Azərbaycanda Qadın Siyasəti”

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində
qadını ülviyyətin, müqəddəsliyin, paklığın təcəssümü hesab etmiş, ona hər zaman
dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları tarixən sədaqətli, vəfalı, dərin
zəkalı varlıq olaraq cəmiyyət həyatının özəyini təşkil etmişlər. Sürətlə
maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq
qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı
olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli
qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın
müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və
tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına
xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək
hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan
qadının mədəni və intelektual potensialından xəbər verir.
Ölkəmizdə dövlət-qadın siyasətinin əsasını
qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə
yanaşırdı. Ulu öndər Heydər Əliyev qadın məsələsəinə daim yüksək həssaslıqla
yanaşmış, Azərbaycan qadınlarının ictimai-siyasi və sosial həyatın bütün sahələrində
irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi qeyd etmişdir. Məhz onun həyata
keçirdiyi digər sahələrdə olduğu kimi gender siyasətində də reallaşdırdığı tədbirlər
bu gün qadınların ölkə həyatının bütün sahələrində uğurla təmsil olunduğunun nəticəsidir.
Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın
siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın
icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər bir daha onu təsdiq edir ki,
respublikada qadınların təhsil, mədəniyyət, səhiyyə, idarəetmə, iqtisadiyyat və
digər sahələrdə təmsil olunması əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt
üzrə inkişaf edir.
Ulu öndər 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə
bağlı demişdir:
“Bu bayram, doğrudan da bizim bütün
bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr
olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək
olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda
göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə
layiqdirlər ki, onlar anadırlar”.
Zaman keçdikcə bütün dünyada olduğu kimi, Azərbaycan
cəmiyyətində də qadının rolu artır, o ictimai-siyasi, iqtisadi, mədəni həyatın
fəal iştirakçısına çevrilir.
Dövlət qadın siyasətinin prezident İlham Əliyev
tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınına cəmiyyətdə
yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi,
qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir.
Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə
fəal iştirak edir. Ölkə idmanının inkişafına böyük töhfə verirlər.
Xüsusi olaraq qeyd etmək lazımdır ki,
qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu
quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyimizdir. Azərbaycan
ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi
tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir. Vətən
qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli
fəaliyyəti bu gün hər bir Azərbaycan xanımı üçün bir nümunədir. Mehriban xanım
müasir Azərbaycan tarixində qadın fəallığı ənənələrinin yeni tarixi salnaməsini
yaradır, eyni zamanda həm ölkə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının
nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli
parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği
sayəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü
olan Mehriban xanım Əliyevanın hümanitar layihələri ölkəmizə yeni dostlar
qazandırır. Birinci vitse-prezidentin rəhbərliyi ilə milli maraqlarımıza xidmət
edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra
olunması Azərbaycan qadının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intelektual
və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
8 Mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi
bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8
Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik
ünvanlayır. Azərbaycan qadınları fəxri adlar alır, orden və medallarla təltif
edilirlər. Cənab prezident ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin
qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



