Həyatın mənası, bəzəyi və əbədi gözəlliyi – Qadınlar.

Qadınlar
həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi
olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün
dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin
qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı
ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin
incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış
siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma
yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya
daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət
rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar
qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə
yazılmışdır.
Bəşəriyyət
tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü
bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli
şəkildə qeyd olunur. Bu gün 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd
edilir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz
uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi,
iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin
həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə
qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu
təsdiq etmişdir.
Ölkəmizdə
dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə
böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara
xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider
qadınlar yetişdirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan
Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart
2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər
belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil,
məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki
illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər
Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram,
doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu,
qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur.
Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur.
Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona
görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”
Zaman
keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu
artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir.
Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu
günün lideri rolunu oynayır. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və
nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların
cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan
qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil
olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak
edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Bu gün həm də
torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid
anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların
ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər
analarının bayramıdır. Artıq Azərbaycan qadını beynəlxalq qadınlar bayramını
daha da qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa
çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən
müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə,
qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi
böyüdən analara borcluyuq.
Təkcə
bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar.
Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar
həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
Hökmalı Mirzəyev
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini
Digər xəbərlər



