Azərbaycan qadını – milli dəyərlərin və tərəqqinin dayağı

2026-03-08 Baxış: 23
img

Hər il martın 8-i dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu əlamətdar gün qadınların cəmiyyətin inkişafında oynadığı mühüm rola, onların hüquq və imkanlarının genişləndirilməsinə diqqət çəkən xüsusi bir tarixdir. Azərbaycanda bu gün rəsmi bayram kimi qeyd edilir və qadınlara göstərilən ehtiramın, hörmətin ifadəsi kimi xüsusi məna daşıyır.

Tarix boyu Azərbaycan qadınları həm ailədə, həm də cəmiyyətdə mühüm rol oynayıblar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Onlar həm ana, həm müəllim, həm alim, həm də ictimai xadim kimi cəmiyyətin inkişafına töhfə verərək milli-mənəvi irsimizin qorunub saxlanılmasına xidmət ediblər.

Müasir dövrdə Azərbaycan qadınının cəmiyyətdəki mövqeyinin möhkəmlənməsində dövlət siyasəti də mühüm rol oynayır. Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi fəaliyyət göstərir. Onun həyata keçirdiyi sosial və humanitar layihələr Azərbaycan qadınının nüfuzunun daha da artmasına, ölkənin beynəlxalq aləmdə “yumşaq güc”ünün güclənməsinə mühüm töhfə verir.

Ölkəmizdə qadın siyasətinin effektivliyini təmin edən mühüm addımlardan biri 2000-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000–2005)” olmuşdur. Bu sənəd siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrində qadınların iştirakının artırılmasını, eyni zamanda qaçqın və məcburi köçkün qadınların problemlərinin həllini əhatə etmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” da təsdiq edilmiş və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qadın hüquqları ölkəmizdə bir sıra dövlət proqramları və hüquqi sənədlərlə də təsbit olunur. Ailə, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrində qadınların hüquqlarının qorunması xüsusi yer tutur. Azərbaycan bir çox beynəlxalq təşkilatlara qoşularaq qadın hüquqlarının müdafiəsinə dair konvensiya və protokolları qəbul etmiş, milli qanunvericiliyini bu sahədə daha da təkmilləşdirmişdir. “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” konvensiya, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi sənədlər bu istiqamətdə atılmış mühüm addımlardandır.

Bu gün Azərbaycan qadını cəmiyyətin bütün sahələrində – elm, təhsil, mədəniyyət, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdə fəal iştirak edir. Onların zəhməti, bilik və bacarığı ölkənin inkişafına və tərəqqisinə böyük töhfə verir.

Şübhəsiz ki, Azərbaycan qadınının ölkənin tərəqqisində danılmaz payı var. Milli dəyərlərə sadiq, eyni zamanda müasir dünyaya açıq olan Azərbaycan qadınları cəmiyyətimizin güclənməsində və gələcək nəsillərin formalaşmasında mühüm rol oynamağa davam edirlər. 8 Mart – Beynəlxalq Qadınlar Günü isə bu fədakar və zəhmətkeş qadınlara göstərilən ehtiramın parlaq ifadəsidir.

Aytən İmanova

YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.