Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ

Prezident
İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri
zamanı verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin formal diplomatik çərçivədən
kənara çıxaraq dərin strateji məzmun daşıdığını göstərir. Son dörd ildə
prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi və bu təmasların müntəzəm
xarakter alması münasibətlərin epizodik deyil, sistemli və davamlı şəkildə
inkişaf etdiyini sübut edir ki, bu da Azərbaycan üçün etibarlı tərəfdaşlıq
mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Liderlər arasında
formalaşmış şəxsi münasibətlər isə siyasi dialoqun effektivliyini artıraraq qərarların
daha operativ və qarşılıqlı anlaşma şəraitində qəbul olunmasına şərait yaradır.
Azərbaycanın dövlət maraqları baxımından xüsusi diqqət çəkən məqamlardan biri
münasibətlərin güclü siyasi-hüquqi baza üzərində qurulmasıdır. 2008 və 2011-ci
illərdə imzalanmış strateji tərəfdaşlıq sənədlərində ərazi bütövlüyü,
suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsiplərin təsbit olunması hər
iki ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. Energetika və iqtisadi əməkdaşlıq
kontekstində bəyanatda qeyd olunan məqamlar Azərbaycanın iqtisadi maraqları ilə
tam uyğunluq təşkil edir. SOCAR-ın Ukraynada uzunmüddətli fəaliyyəti Azərbaycanın
enerji siyasətinin coğrafiyasının genişləndirilməsi və xarici bazarlarda mövqelərinin
möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ticarət dövriyyəsinin
artıq yarım milyard dolları keçməsi müsbət göstərici olsa da, bəyanatda
vurğulandığı kimi, mövcud potensial bundan qat-qat yüksəkdir. Bu isə Azərbaycanın
qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artırılması və iqtisadi
diversifikasiyanın gücləndirilməsi baxımından yeni imkanlar açır. Hərbi-texniki
əməkdaşlıq məsələlərinin müzakirəsi isə Azərbaycanın təhlükəsizlik və müdafiə
qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm perspektivlər vəd edir. Həm
Azərbaycan, həm də Ukraynanın hərbi sənaye kompleksinin inkişaf etməsi birgə
istehsal, texnologiya mübadiləsi və innovativ həllərin tətbiqi baxımından
qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Bu istiqamət Azərbaycanın
müdafiə sənayesinin modernləşdirilməsi və xarici asılılığın azaldılması
baxımından strateji əhəmiyyət kəsb edir”.
Bəyanatda
vurğulanan qarşılıqlı hörmət və maraqların təmin edilməsi prinsipi Azərbaycanın
çoxvektorlu xarici siyasət kursuna uyğun olaraq balanslı və praqmatik münasibətlərin
qurulduğunu göstərir: “Ukrayna ilə əməkdaşlıq Azərbaycanın həm Avropa məkanında
mövqelərini gücləndirməsinə, həm də regional geosiyasi balansda daha fəal rol
oynamasına imkan yaradır. Eyni zamanda, bu münasibətlər Şərqi Avropa ilə Cənubi
Qafqaz arasında iqtisadi və siyasi körpü rolunu gücləndirərək Azərbaycanın
tranzit və logistika potensialını artırır”.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.
Digər xəbərlər



