Azərbaycan–Ukrayna münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıqdan çoxtərəfli əməkdaşlığa

Müasir
beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin inkişafı yalnız
tarixi bağlara deyil, eyni zamanda qarşılıqlı maraqlara, geosiyasi reallıqlara
və strateji hədəflərə əsaslanır. Bu baxımdan Azərbaycan ilə Ukrayna arasında
münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq daha dərin və çoxşaxəli
xarakter almışdır.
Azərbaycan
və Ukrayna xalqları arasında münasibətlərin kökləri uzun tarixi dövrü əhatə
edir. Hələ XX əsrdə, SSRİ dövründə formalaşan bu əlaqələr müstəqillik əldə
edildikdən sonra yeni məzmun və mahiyyət kəsb etmişdir. 1992-ci ildə diplomatik
münasibətlərin qurulması ilə iki ölkə arasında əməkdaşlıq sistemli və məqsədyönlü
şəkildə inkişaf etməyə başlamışdır. Bu gün artıq bu münasibətlər strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir
Zelenski arasında keçirilən görüşlər, qarşılıqlı səfərlər və aparılan müzakirələr
bu əməkdaşlığın dinamik xarakter daşıdığını bir daha təsdiqləyir. Xüsusilə dövlət
başçılarının müxtəlif beynəlxalq platformalarda və ikitərəfli formatda müntəzəm
təmasları siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir.
Aprel
ayında Ukrayna Prezidentinin Azərbaycana səfəri və Qəbələdə keçirilən görüşlər
iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş
etdirdi. Təkbətək və geniş tərkibdə keçirilən görüşlər zamanı siyasi, iqtisadi,
enerji, nəqliyyat və təhlükəsizlik məsələləri geniş şəkildə müzakirə olundu. Bu
isə əməkdaşlığın yalnız bir sahə ilə məhdudlaşmadığını, əksinə, kompleks
xarakter daşıdığını göstərir.
Siyasi
müstəvidə Azərbaycan və Ukrayna beynəlxalq hüququn fundamental prinsiplərinə –
dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipinə
sadiqdirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və GUAM kimi beynəlxalq
platformalarda bir-birini dəstəkləyir. Bu isə münasibətlərin siyasi əsaslarının
möhkəm olduğunu göstərən mühüm amildir.
İqtisadi əməkdaşlıq
Azərbaycan–Ukrayna münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Azərbaycanın
enerji resursları Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm
rol oynayır. SOCAR-ın Ukrayna bazarında fəaliyyəti bu əməkdaşlığın real nəticələrindən
biridir. Eyni zamanda, Ukrayna Azərbaycanın kənd təsərrüfatı, sənaye və digər
sahələrdə mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin
artması iqtisadi əlaqələrin genişlənməsinin göstəricisidir.
Nəqliyyat
və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. TRACECA layihəsi
çərçivəsində həyata keçirilən fəaliyyətlər Avropa ilə Asiya arasında
yükdaşımaların genişləndirilməsinə və regionun tranzit potensialının
artırılmasına xidmət edir. Azərbaycanın geostrateji mövqeyi və Ukraynanın
Avropaya çıxış imkanları bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş
perspektivlər yaradır.
Son dövrlərdə
hərbi-texniki əməkdaşlıq məsələləri də gündəmdə xüsusi yer tutur. Hər iki ölkədə
müdafiə sənayesinin inkişafı birgə layihələrin həyata keçirilməsi üçün əlverişli
şərait yaradır. Bu sahədə əməkdaşlıq regional təhlükəsizlik baxımından da mühüm
əhəmiyyət daşıyır.
Humanitar
sahədə də əlaqələr inkişaf edir. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar
yardım, xüsusilə müharibədən zərər çəkmiş uşaqların reabilitasiyası istiqamətində
atılan addımlar iki xalq arasında dostluq və həmrəyliyin real təzahürüdür. Bu,
münasibətlərin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda humanitar ölçüyə də
malik olduğunu göstərir.
Mövcud geosiyasi
şəraitdə Azərbaycan və Ukrayna arasında əməkdaşlığın daha da dərinləşməsi zərurətə
çevrilmişdir. Enerji marşrutlarının şaxələndirilməsi, regional təhlükəsizlik məsələləri
və yeni iqtisadi layihələrin reallaşdırılması iki ölkəni bir-birinə daha da yaxınlaşdırır.
Qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar bu münasibətlərin gələcək
inkişafının əsasını təşkil edir.
Nəticə
etibarilə, Azərbaycan–Ukrayna münasibətləri yeni mərhələdə daha geniş məzmun
qazanaraq siyasi, iqtisadi və humanitar sahələri əhatə edən kompleks əməkdaşlıq
modelinə çevrilmişdir. Bu model yalnız iki ölkə üçün deyil, bütövlükdə region
üçün sabitlik, təhlükəsizlik və inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.
Qarşıdakı dövrdə bu əlaqələrin daha da möhkəmlənəcəyi və yeni uğurlara imza
atacağı şübhəsizdir.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



