Azərbaycan–Çexiya strateji tərəfdaşlığı yeni mərhələdə

2026-cı il aprelin 27-də Çex
Respublikasının Baş naziri Andrey Babişin
Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişaf xəttində
mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüş və mətbuata verilən
bəyanat, Bakı ilə Praqa arasında əməkdaşlığın artıq yeni keyfiyyət mərhələsinə
yüksəldiyini göstərdi. Bu görüş, sadəcə cari əlaqələrin müzakirəsi deyil, həm də
uzun illər ərzində formalaşmış münasibətlərin məntiqi davamı kimi çıxış etdi.
Azərbaycan ilə Çexiya arasında münasibətlərin
tarixinə nəzər saldıqda aydın olur ki, bu əlaqələr möhkəm hüquqi və siyasi təməl
üzərində qurulub. Çexiya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə
tanımış, diplomatik münasibətlər isə 27 yanvar 1993-cü ildə qurulmuşdur.
Sonrakı dövrdə qarşılıqlı səfirliklərin yaradılması, yüksəksəviyyəli səfərlərin
intensivləşməsi və institusional mexanizmlərin formalaşdırılması əlaqələrin
sistemli inkişafını təmin etmişdir. Xüsusilə 2015-ci il sentyabrın 15-də Bakıda
imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətləri
keyfiyyətcə yeni mərhələyə yüksəldərək siyasi dialoqa əlavə məzmun
qazandırmışdır.
İkitərəfli münasibətlərin inkişafında yüksəksəviyyəli
qarşılıqlı səfərlər mühüm rol oynamışdır. Azərbaycan Prezidentinin Çexiyaya
çoxsaylı səfərləri, eyni zamanda Çexiya rəhbərliyinin Azərbaycana səfərləri
siyasi dialoqun davamlı xarakter aldığını göstərir. Bu proses təkcə siyasi sahə
ilə məhdudlaşmamış, parlamentlərarası əlaqələr, hökumətlərarası komissiyalar və
müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmləri ilə daha da möhkəmləndirilmişdir.
2011-ci ildə yaradılmış birgə hökumətlərarası komissiya iqtisadi, elmi-texniki
və mədəni əməkdaşlığın koordinasiyasında mühüm rol oynayır və artıq bir neçə
iclas keçirmişdir.
Məhz belə bir zəngin və sistemli əməkdaşlıq
bazası üzərində baş tutan son səfər tərəflər arasında münasibətlərin strateji
mahiyyətini bir daha təsdiqlədi. Görüş zamanı əldə olunan razılaşmalar və
aparılan müzakirələr göstərdi ki, Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq
artıq kompleks xarakter daşıyır və siyasi, iqtisadi, enerji, sənaye və təhlükəsizlik
sahələrini əhatə edir. Prezident İlham Əliyevin bəyanatda ifadə etdiyi - bizim indi çox fəal
siyasi dialoqumuz var - fikri
bu münasibətlərin real məzmununu əks etdirən əsas tezislərdən biridir.
İqtisadi sahədə əməkdaşlıq xüsusi əhəmiyyət
kəsb edir. Çexiya Azərbaycanın Avropada əsas və ən böyük ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycan
Çexiya üçün mühüm enerji tərəfdaşlarından biri kimi çıxış edir. Ticarət dövriyyəsində
enerji sektorunun üstünlük təşkil etməsi bu əməkdaşlığın əsas dayaqlarından
biri olsa da, mövcud potensial qeyri-neft sahələrində də geniş imkanların
olduğunu göstərir. Prezident İlham Əliyevin “ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə
artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin
strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir.
Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini
arzulayırıq ” fikri məhz bu strateji yanaşmanı ifadə edir və iqtisadi əlaqələrin
şaxələndirilməsinin vacibliyini önə çəkir.
Son dövrlərdə münasibətlərin yeni istiqamətlər
üzrə inkişafı da diqqəti cəlb edir. Xüsusilə müdafiə sənayesi və təhlükəsizlik
sahəsində əməkdaşlıq genişlənməkdədir. 2026-cı ildə hərbi əməkdaşlıq planının
imzalanması və birgə layihələrin müzakirəsi bu sahədə əlaqələrin dərinləşdiyini
göstərir. Eyni zamanda, Çexiyanın sənaye və texnoloji potensialı ilə Azərbaycanın
regional mövqeyinin uzlaşdırılması yeni əməkdaşlıq imkanları yaradır və tərəflər
üçün qarşılıqlı faydalı perspektivlər açır.
Bütün bu amillər fonunda Çexiya Baş
nazirinin Azərbaycana səfəri və səsləndirilən bəyanat iki ölkə arasında münasibətlərin
məntiqi inkişaf mərhələsini əks etdirir. Bu səfər göstərdi ki, Azərbaycan ilə
Çexiya arasında əməkdaşlıq artıq təkcə mövcud layihələrlə məhdudlaşmır, yeni
sahələri əhatə etməklə daha geniş geosiyasi və iqtisadi məzmun qazanır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, əməkdaşlığın əsasında qarşılıqlı
etimad və siyasi iradə dayanır və məhz bu amillər münasibətlərin gələcək
inkişafını təmin edən əsas faktor kimi çıxış edir.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının
sədri
Digər xəbərlər



