Azərbaycan–Çexiya münasibətlərinin siyasi əsasları və strateji inkişaf xətti

2026-cı il aprelin 27-də
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə
arasında münasibətlərin siyasi mahiyyətinin və strateji inkişaf xəttinin daha
da güclənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüş və mətbuata
verilən bəyanat Bakı ilə Praqa arasında münasibətlərin artıq yeni mərhələyə
yüksəldiyini göstərdi.
Azərbaycan–Çexiya münasibətlərinin
siyasi təməli 1990-cı illərin əvvəllərinə dayanır. Çexiya Azərbaycanın müstəqilliyini
1992-ci ildə tanımış, 1993-cü ildə diplomatik münasibətlər qurulmuşdur. Bu mərhələ
iki ölkə arasında qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan
əməkdaşlığın başlanğıcı olmuşdur. Sonrakı illərdə siyasi dialoqun ardıcıl şəkildə
inkişaf etməsi, yüksəksəviyyəli səfərlərin intensivləşməsi və institusional əlaqələrin
formalaşması münasibətlərin daha dayanıqlı xarakter almasına şərait
yaratmışdır.
Xüsusilə 2015-ci ildə
imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin
inkişafında mühüm mərhələ kimi çıxış etmiş, siyasi dialoqun daha sistemli və
institusional çərçivəyə keçidini təmin etmişdir. Həmin sənəd Azərbaycan ilə
Çexiya arasında əməkdaşlığın yalnız ikitərəfli gündəliklə məhdudlaşmamasına,
daha geniş strateji məzmun kəsb etməsinə imkan yaratmışdır.
Son illərdə müşahidə olunan
yüksəksəviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun davamlı xarakter aldığını
göstərir. Prezident İlham Əliyevin Çexiyaya səfərləri, eyni zamanda Çexiya rəhbərliyinin
Azərbaycana rəsmi səfərləri münasibətlərin yalnız protokol xarakter
daşımadığını, real siyasi məzmun üzərində qurulduğunu təsdiqləyir. 2026-cı ildə
baş tutan səfər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd
etdiyi kimi, “bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını
göstərir” və tərəflər arasında artıq “çox fəal siyasi dialoq” formalaşıb.
Müasir beynəlxalq münasibətlər
sistemində siyasi dialoqun mahiyyəti yalnız görüşlərin keçirilməsi ilə deyil,
onların məzmunu və nəticələri ilə müəyyən olunur. Azərbaycan və Çexiya arasında
formalaşmış siyasi dialoq isə həm ikitərəfli, həm regional, həm də qlobal məsələləri
əhatə edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, görüş zamanı “həm
regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.” Bu yanaşma münasibətlərin daha geniş geosiyasi
kontekstdə inkişaf etdiyini göstərir.
Siyasi münasibətlərin mühüm
dayaqlarından biri qarşılıqlı etimad faktorudur. Azərbaycan və Çexiya arasında
formalaşmış əməkdaşlıq modeli məhz bu etimada əsaslanır. Beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı dəstək, suverenlik və ərazi bütövlüyü prinsiplərinə
hörmət münasibətlərin sağlam təməl üzərində qurulduğunu göstərir. Bu isə
uzunmüddətli və dayanıqlı əməkdaşlığın əsas təminatçılarından biridir.
Eyni zamanda, parlamentlərarası
əlaqələr, hökumətlərarası mexanizmlər və işçi qrupların fəaliyyəti siyasi
münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir. Bu mexanizmlər
vasitəsilə tərəflər yalnız mövcud əməkdaşlığı davam etdirmir, eyni zamanda yeni
istiqamətlər üzrə əməkdaşlıq imkanlarını da genişləndirirlər.
Bütün bu amillər göstərir
ki, Azərbaycan–Çexiya münasibətlərinin siyasi əsasları möhkəm və dayanıqlıdır.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Çexiya-Azərbaycan dostluğu və əməkdaşlığı
öz təsdiqini tapır.” Bu təsdiq uzun illər ərzində formalaşmış qarşılıqlı
etimadın, ardıcıl siyasi iradənin və ortaq maraqların məntiqi nəticəsidir.
Şahin Abdiyev,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Cəngan kənd İƏD üzrə
nümayəndə
Digər xəbərlər



