Enerji təhlükəsizliyində Azərbaycan–Çexiya əməkdaşlığının rolu

2026-04-30 Baxış: 94
img

2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər enerji təhlükəsizliyi sahəsində Azərbaycan–Çexiya əməkdaşlığının strateji əhəmiyyətini bir daha ön plana çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə aparılan müzakirələr və mətbuata verilən bəyanat enerji əməkdaşlığının artıq sadəcə ticarət münasibəti deyil, Avropa enerji təhlükəsizliyinin mühüm tərkib hissəsinə çevrildiyini nümayiş etdirdi.

Azərbaycan bu gün qlobal enerji bazarında etibarlı və sabit təchizatçı kimi tanınır. Ölkəmiz uzun illərdir ki, enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz və davamlı şəkildə çatdırılmasını təmin edir. Prezident İlham Əliyev çıxışında bu reallığı xüsusi vurğulayaraq bildirdi ki, “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır və bu, Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir.” Bu yanaşma Azərbaycanın enerji siyasətinin əsas mahiyyətini – etibarlılıq, davamlılıq və tərəfdaşlığa sadiqlik prinsipini əks etdirir.

Azərbaycanın enerji ixrac coğrafiyası son illərdə əhəmiyyətli dərəcədə genişlənmişdir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir və Azərbaycanın strateji enerji mərkəzinə çevrildiyini göstərir. Bu kontekstdə Çexiya ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır, çünki bu münasibətlər həm enerji resurslarının təminatı, həm də uzunmüddətli strateji sabitlik baxımından mühüm yer tutur.

Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan ilə Çexiya arasında enerji sahəsində əməkdaşlıq uzun illərdir etibarlı tərəfdaşlıq üzərində qurulub. Azərbaycan neftinin Çexiyaya ixracı bu əməkdaşlığın əsas komponentlərindən biridir və Çexiyanın enerji balansında mühüm rol oynayır. Bu fakt iki ölkə arasında qarşılıqlı etimada əsaslanan enerji əlaqələrinin real göstəricisidir.

Eyni zamanda, enerji əməkdaşlığı yalnız mövcud ixrac əməliyyatları ilə məhdudlaşmır. Tərəflər bu sahəyə daha geniş prizmadan yanaşaraq gələcək uzunmüddətli strateji əməkdaşlıq modelini formalaşdırırlar. Prezident İlham Əliyevin sözləri ilə desək, bu münasibətlər “sadəcə ticarət əməliyyatları deyil, daha genişmiqyaslı və uzunmüddətli əməkdaşlıq” xarakteri daşıyır. Bu yanaşma enerji sahəsində qarşılıqlı layihələrin, infrastruktur əməkdaşlığının və potensial yeni istiqamətlərin inkişafına şərait yaradır.

Azərbaycanın enerji siyasətində Avropa İttifaqı ilə əməkdaşlıq xüsusi yer tutur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır və bu prosesdə Çexiya kimi tərəfdaş ölkələrlə əlaqələr mühüm strateji əhəmiyyət kəsb edir. Enerji böhranları və qlobal çağırışlar fonunda Azərbaycanın sabit təchizatçı kimi çıxış etməsi Avropa üçün etibarlı alternativ mənbə formalaşdırır.

Çexiya tərəfi də Azərbaycanın enerji resurslarının etibarlılığını və strateji əhəmiyyətini yüksək qiymətləndirir. Bu əməkdaşlıq yalnız iqtisadi fayda deyil, həm də siyasi sabitlik və enerji təhlükəsizliyi baxımından qarşılıqlı maraqlara əsaslanır. Bu amil Azərbaycan–Çexiya münasibətlərinin strateji xarakterini daha da gücləndirir.

Enerji əməkdaşlığının gələcək perspektivləri də genişdir. Bura təkcə neft və qaz ixracı deyil, həm də enerji infrastrukturunun inkişafı, logistik marşrutların genişləndirilməsi və potensial yeni enerji layihələrinin reallaşdırılması daxildir. Bu istiqamətlər Azərbaycan ilə Çexiya arasında əməkdaşlığın daha da dərinləşməsi üçün əlavə imkanlar yaradır.

 

Səbuhi Nağıyev,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

“Neftechala Operating Company LTD” Şirkətinin Neft-qazçıxarma sexinin rəisi