Müdafiə sənayesi və texnoloji əməkdaşlıq yeni mərhələdə

2026-04-30 Baxış: 62
img

2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan ilə Çexiya arasında müdafiə sənayesi və texnoloji əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə aparılan müzakirələr və mətbuata verilən bəyanat bu sahədə əməkdaşlığın artıq ənənəvi təchizat münasibətlərindən çıxaraq birgə istehsal və sənaye kooperasiyası istiqamətində inkişaf etdiyini göstərdi.

Azərbaycanın müdafiə sənayesi sahəsində son illərdə həyata keçirdiyi siyasət yerli istehsal potensialının gücləndirilməsi, texnoloji bazanın genişləndirilməsi və beynəlxalq əməkdaşlığın diversifikasiyası üzərində qurulub. Bu kontekstdə Çexiya ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır, çünki Çexiya müdafiə sənayesi sahəsində uzun illərə dayanan təcrübəyə və inkişaf etmiş sənaye infrastruktura malik ölkə kimi çıxış edir. Mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan artıq Çexiyadan müxtəlif hərbi təyinatlı məhsulların tədarükünü həyata keçirir ki, bu da tərəflər arasında etibarlı və davamlı əlaqələrin göstəricisidir.

Prezident İlham Əliyev çıxışında bu sahəyə xüsusi diqqət çəkərək bildirdi ki, “biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir.” Bu fikir müdafiə sənayesi əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçdiyini açıq şəkildə göstərir. Artıq əməkdaşlıq yalnız idxal-ixrac münasibətləri ilə məhdudlaşmır, birgə istehsal, texnoloji transfer və sənaye inteqrasiyası istiqamətində inkişaf edir.

Müdafiə sənayesində birgə istehsal layihələrinin müzakirəsi Azərbaycan–Çexiya münasibətlərində strateji dərinliyin artdığını göstərən mühüm göstəricidir. Bu yanaşma həm Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, həm də yerli sənaye potensialının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Çexiya üçün də bu əməkdaşlıq yeni bazarlara çıxış və sənaye əlaqələrinin genişləndirilməsi baxımından əlverişli imkanlar yaradır.

Azərbaycanın müdafiə sənayesi siyasətində əsas məqsədlərdən biri daxili istehsalın artırılması və xarici asılılığın minimuma endirilməsidir. Bu baxımdan Çexiya kimi texnoloji cəhətdən inkişaf etmiş ölkələrlə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Birgə layihələr həm istehsal proseslərinin modernləşdirilməsinə, həm də innovativ texnologiyaların tətbiqinə şərait yaradır.

Texnoloji əməkdaşlıq yalnız müdafiə sənayesi ilə məhdudlaşmır, eyni zamanda sənaye innovasiyaları, mühəndislik həlləri və yüksək texnologiyalar sahəsini də əhatə edir. Bu isə iki ölkə arasında əməkdaşlığın daha geniş sənaye platformasına çevrildiyini göstərir. Beləliklə, müdafiə sənayesi əməkdaşlığı təkcə təhlükəsizlik sahəsində deyil, ümumi iqtisadi və texnoloji inkişaf kontekstində də mühüm rol oynayır.

Azərbaycan ilə Çexiya arasında formalaşan bu əməkdaşlıq modeli qarşılıqlı etimada əsaslanır. Tərəflər arasında mövcud siyasi dialoq və iqtisadi tərəfdaşlıq müdafiə sənayesi sahəsində də etibarlı əməkdaşlıq mühitinin formalaşmasına imkan yaradır. Bu isə uzunmüddətli və dayanıqlı sənaye əlaqələrinin əsasını təşkil edir.

 

Mübariz Tağıyev,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Astanlı kənd tam orta məktəbin direktoru