Azərbaycanın enerji siyasətində yeni mərhələ: Avropa ilə genişmiqyaslı və uzunmüddətli əməkdaşlıq

2026-05-02 Baxış: 5
img

Azərbaycan son illərdə qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Hazırda ölkəmiz təbii qazını 16 ölkəyə ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və Avropanın alternativ enerji mənbələri axtarışında əsas tərəfdaşlardan birinə çevrildiyini göstərir.

Xüsusilə Mərkəzi və Şərqi Avropa istiqamətində əməkdaşlığın genişlənməsi diqqət çəkir. Azərbaycanın Çexiyaya qonşu ölkələrə qaz ixrac etməsi bu regionda enerji xəritəsinin yenidən formalaşmasına töhfə verir. Bu, yalnız enerji təminatı deyil, həm də siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

Müzakirələr zamanı tərəflər enerji sahəsində əməkdaşlığın gələcək perspektivlərini geniş şəkildə dəyərləndiriblər. Qəbul edilən yanaşma onu göstərir ki, bu əməkdaşlıq yalnız ticarət əməliyyatları ilə məhdudlaşmayacaq. Əksinə, tərəflər bunu daha genişmiqyaslı və uzunmüddətli strateji tərəfdaşlıq kimi görürlər.

Bu kontekstdə bir neçə əsas istiqamət ön plana çıxır. İlk növbədə, qaz təchizatının sabitliyi və həcminin artırılması məsələsi mühüm yer tutur. Bununla yanaşı, enerji infrastrukturunun inkişafı, yeni marşrutların yaradılması və mövcud xətlərin modernləşdirilməsi də gündəmdədir. Digər tərəfdən, bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri də diqqətdən kənarda qalmır. Azərbaycan artıq yaşıl enerji sahəsində ciddi addımlar atır və Avropa bazarına bu istiqamətdə də çıxış imkanlarını genişləndirməyi hədəfləyir.

Bu əməkdaşlığın strateji əhəmiyyəti həm də onun uzunmüddətli xarakter daşımasındadır. Enerji sahəsində qurulan tərəfdaşlıq, eyni zamanda, nəqliyyat, logistika, texnologiya və investisiya kimi sahələrdə də yeni imkanlar yaradır. Beləliklə, enerji əməkdaşlığı daha geniş iqtisadi inteqrasiyanın əsasını qoyur.

Nəticə etibarilə, Azərbaycanın Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Bu münasibətlər artıq sadəcə resurs ixracı çərçivəsindən çıxaraq, qarşılıqlı etimada əsaslanan, dayanıqlı və çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir. Bu isə həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə və iqtisadi inkişafına mühüm töhfə verməkdədir.

 

Bahadur İsmayılov,

YAP fəalı, Hacıqabul rayonu İnayət Həsənov adına Meyniman kənd tam orta ümumtəhsil məktəbin direktoru.