Avropa ilə strateji yaxınlaşma fonunda Azərbaycanın artan rolu

Müasir beynəlxalq
münasibətlər sistemində regional güclərin qlobal proseslərdə oynadığı rol
getdikcə daha da artır. Bu baxımdan, Azərbaycan son illərdə yalnız Cənubi
Qafqazın deyil, daha geniş geosiyasi məkanın mühüm aktorlarından birinə
çevrilib. Xüsusilə Avropa İttifaqı ölkələrinin Azərbaycana artan marağı təsadüfi
deyil və bu maraq bir neçə fundamental amillə şərtlənir: enerji təhlükəsizliyi,
nəqliyyat-logistika imkanları, regional sabitlik və yeni iqtisadi əməkdaşlıq
perspektivləri.
Avropanın
enerji təhlükəsizliyi məsələsi son illərdə daha da aktuallaşıb. Bu kontekstdə
Azərbaycan özünü etibarlı enerji təchizatçısı kimi təsdiqləyib. Ölkəmizin zəngin
neft və qaz ehtiyatları, xüsusilə də Avropaya uzanan strateji boru kəmərləri
vasitəsilə ixrac imkanları Avropa dövlətlərinin diqqət mərkəzindədir. Bu gün Azərbaycan
qazı bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur və
alternativ mənbə kimi xüsusi əhəmiyyət daşıyır.
Eyni
zamanda, Azərbaycan yalnız ənənəvi enerji ilə kifayətlənmir, həm də bərpaolunan
enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri təklif edir. Bu isə Avropanın
“yaşıl enerji” strategiyası ilə üst-üstə düşür və tərəflər arasında əməkdaşlığın
daha da genişlənməsinə zəmin yaradır.
Son dövrlərdə
Avropa ölkələrinin liderlərinin Azərbaycana intensiv səfərləri ölkəmizin beynəlxalq
nüfuzunun artmasının bariz göstəricisidir. Xüsusilə Latviya, Litva və Ukrayna
kimi dövlətlərin rəhbərlərinin Bakıya və regionlara səfərləri siyasi dialoqun dərinləşdiyini
göstərir. Bu səfərlər çərçivəsində keçirilən görüşlər yalnız ikitərəfli münasibətləri
deyil, həm də regional və qlobal məsələləri əhatə edir.
Eyni
zamanda, Çexiya ilə münasibətlərin inkişafı da xüsusi diqqət çəkir. İqtisadi əməkdaşlığın
genişlənməsi, qarşılıqlı investisiyalar və enerji sahəsində tərəfdaşlıq Azərbaycanın
Avropa bazarında mövqelərini daha da gücləndirir. Çexiyanın Azərbaycanı
strateji tərəfdaş kimi qiymətləndirməsi ölkəmizin artan rolunun göstəricisidir.
Azərbaycanın
coğrafi mövqeyi onu Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən
birinə çevirib. Xüsusilə Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları
Avropa üçün alternativ və təhlükəsiz logistika imkanları yaradır. Bu da ölkəmizin
geoiqtisadi əhəmiyyətini daha da artırır.
Azərbaycanın
həyata keçirdiyi infrastruktur layihələri – müasir limanlar, dəmir yolları və
avtomobil magistralları – Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin
artmasına mühüm töhfə verir. Bu baxımdan Azərbaycan təkcə enerji deyil, həm də
logistika və nəqliyyat sahəsində strateji tərəfdaş kimi çıxış edir.
Azərbaycanın
44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə regionda yeni geosiyasi
reallıqlar formalaşdırıb. Postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı
bərpa və yenidənqurma işləri, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan
layihələr beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.
Bu gün Azərbaycan
yalnız müharibədən sonra bərpa prosesini uğurla həyata keçirən ölkə kimi deyil,
həm də yeni inkişaf modeli təqdim edən dövlət kimi qiymətləndirilir. Böyük
Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər sosial, iqtisadi və
humanitar baxımdan mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın
həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də regionda davamlı
sülhün təmin edilməsidir. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü
siyasət nəticəsində artıq regionda yeni əməkdaşlıq mühiti formalaşmaqdadır. Ermənistanla
münasibətlərin normallaşması istiqamətində atılan addımlar və aparılan
danışıqlar sülhə doğru real irəliləyişin göstəricisidir.
Bu siyasət
Avropa ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Çünki regionda
sabitliyin təmin olunması Avropanın təhlükəsizlik maraqları ilə birbaşa
bağlıdır.
Bu gün Azərbaycan
beynəlxalq təşkilatlarda fəal iştirak edən, qlobal təşəbbüslərlə çıxış edən və
mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınır. O cümlədən,
BMT platformasında irəli sürülən təşəbbüslər və beynəlxalq forumların Bakıda
keçirilməsi ölkəmizin diplomatik imkanlarını daha da genişləndirir.
Azərbaycanın
Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi də bu nüfuzun bariz nümunəsidir.
Bu cür tədbirlər ölkəmizin qlobal problemlərin həllində aktiv iştirak etdiyini
və beynəlxalq əməkdaşlığa töhfə verdiyini göstərir.
Bütün bu
amilləri nəzərə aldıqda aydın olur ki, Avropa ölkələrinin Azərbaycana marağının
artması obyektiv və uzunmüddətli tendensiyadır. Enerji resursları, strateji
coğrafi mövqe, siyasi sabitlik və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq
sistemdə mövqelərini daha da möhkəmləndirir.
Azərbaycan
artıq yalnız regionun deyil, Avropa və daha geniş coğrafiyanın etibarlı tərəfdaşı
kimi çıxış edir. Mövcud dinamika göstərir ki, qarşıdakı dövrdə də Azərbaycan–Avropa
münasibətləri daha da dərinləşəcək və yeni strateji mərhələyə qədəm qoyacaqdır.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



