Bakıda gənclər üçün əmək yarmarkası keçirilir
10.06.2019
Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçirilir.
APA-nın xəbərinə görə, tələbə, magistr və məzunların, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının keçirilməsində məqsəd gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov iştirak edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin direktoru Ramin Cabbarov yarmarka haqqında məlumat verib: "44 şirkət və qurum əmək yarmarkasında təşkil olunur. Həmçinin 300-ə yaxın təcrübə proqramı və iş vakansiyaları tələbələr, magistrlər və məzunlar üçün təşkil olunub. Eyni zamanda əlilliyi olan şəxslər üçün də şirkətlər müəyyən vakansiyalar tövsiyə edir və işə qəbulunu həyata keçirirlər. Biz hər il bu yarmarkaları keçirdikdən sonra müxtəlif statistikaların təhlilini aparırıq. Nəticə onu göstərir ki, əmək yarmarkasında iştirak edən tələbələrin 70-80 faizi burda təklif olunan təcrübə proqramlarına müraciət edərək uğur əldə edirlər, həm də iş üçün vakansiyaları dəyərləndirə bilirlər".
R.Cabbarov bildirib ki, bugünkü əmək yarmarkasında daha çox iqtisadiyyat, maliyyə, bank, biznes yönümlü sektorlar təmsil olunur: "O cümlədən qida, inşaat sektorundan da nümayəndələr, böyük zavodlardan təmsil olunanlar da var".
UNEC-in rektoru, professor Ədalət Muradov deyib ki, növbəti dəfə Gənclər və İdman Nazirliyi ilə birgə gənclərin öz ixtisas peşələrinə uyğun olaraq iş tapmasına yardım etmək məqsədilə əmək yarmarkası təşkil olunub: "Bizim tələbələrimiz öz istəklərinə və bacarıqlarına uyğun seçim etmək hüququ qazandılar. Bizim gözlədiyimiz məqsədlərdən biri də odur ki, vakansiya ilə gəlmiş şirkətlərin tələblərini, onların irəli sürdükləri peşə vərdiş və bacarıqlarına dair istədiklərini öyrənək ki, tədris proqramına daxil edək. Əminəm ki, burda iştirak edən tələbələrin böyük qismi işlə təmin olunacaq və yaxud təcrübə qazanacaqlar".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, əmək yarmarkaları 2006-cı ildən başlayaraq hər il keçirilir: "Əsas ideya ondan ibarətdir ki, tələbələr və məzunlar özlərinə iş tapa bilsinlər. Məşğulluğa müsbət təsir edən uğurlu layihədir. Şirkətlərin və vakansiyaların sayı ildən-ilə artır. Bu yarmarkalar vasitəsilə minlərlə gənc daimi iş yeri və mövsümi işlərlə təmin olunub. Bu yarmarkanın gənclərin məşğulluğuna müsbət təsiri var".
Qeyd edək ki, yarmarka axşama qədər davam edəcək.
Digər xəbərlər