Müstəqil və güclü Azərbaycanın memarı

1991-ci il
oktyabrın 18-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Bu hadisə
xalqımızın tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, ölkənin gələcək
inkişafı üçün yeni imkanlar yaratdı. Lakin müstəqilliyin ilk illəri Azərbaycan
üçün son dərəcə mürəkkəb və çətin bir dövr olmuşdur. Sovet İttifaqının
dağılması nəticəsində yaranmış siyasi, iqtisadi və sosial problemlər ölkənin
inkişafına ciddi maneələr törədirdi. Eyni zamanda Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü vəziyyəti daha da ağırlaşdırırdı.
Müstəqilliyin
ilk illərində Azərbaycanın qarşılaşdığı əsas problemlərdən biri siyasi
sabitliyin olmaması idi. Yeni müstəqil dövlətin idarə olunması üçün kifayət qədər
təcrübənin olmaması, hakimiyyət uğrunda mübarizə və müxtəlif siyasi qüvvələr
arasındakı qarşıdurmalar ölkədə gərgin vəziyyət yaratmışdı. Dövlət idarəetmə
sistemi tam formalaşmadığından bir çox sahələrdə ciddi problemlər mövcud idi.
Hakimiyyət dəyişiklikləri və siyasi çəkişmələr dövlət qurumlarının fəaliyyətinə
mənfi təsir göstərir, ölkədə idarəetmənin səmərəliliyini azaldırdı.
Həmin
dövrdə ölkənin üzləşdiyi ən böyük problemlərdən biri Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü idi. Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində
Azərbaycanın torpaqları işğal olunur, yaşayış məntəqələri dağıdılırdı. Minlərlə
insan doğma yurd-yuvasını tərk etməyə məcbur olmuş, qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdü. Qarabağ münaqişəsi yalnız hərbi deyil, həm də sosial və iqtisadi problemlərin
dərinləşməsinə səbəb olmuşdu. İşğal nəticəsində ölkənin mühüm iqtisadi
potensiala malik əraziləri itirilmiş, kənd təsərrüfatı və sənaye sahələri böyük
zərər görmüşdü.
İqtisadi
sahədə vəziyyət daha mürəkkəb idi. Sovet İttifaqının dağılması ilə birlikdə Azərbaycan
uzun illər ərzində formalaşmış iqtisadi əlaqələrdən məhrum olmuşdu. Bir çox sənaye
müəssisələri fəaliyyətini dayandırmış, istehsalın həcmi kəskin şəkildə
azalmışdı. Ölkədə iqtisadi tənəzzül müşahidə olunur, dövlət büdcəsinin gəlirləri
azalırdı. İnflyasiya sürətlə artır, milli valyuta sistemi tam
formalaşmadığından maliyyə sabitliyi pozulurdu. İnsanların alıcılıq qabiliyyəti
aşağı düşür, əhalinin sosial rifahı pisləşirdi.
Müstəqilliyin
ilk illərində işsizlik də ciddi problemlərdən biri idi. Müəssisələrin
bağlanması və istehsalın azalması nəticəsində minlərlə insan iş yerini
itirmişdi. Sosial müdafiə mexanizmlərinin zəif olması insanların həyat şəraitinə
mənfi təsir göstərirdi. Maaşların və pensiyaların vaxtında ödənilməsində çətinliklər
yaranır, əhalinin gündəlik tələbatının ödənilməsi belə problemə çevrilirdi.
Xüsusilə qaçqın və məcburi köçkün ailələri ağır sosial vəziyyətlə üzləşmişdilər.
Ölkədə
hüquq-mühafizə və təhlükəsizlik sahəsində də ciddi problemlər mövcud idi. Müxtəlif
silahlı qruplaşmaların fəaliyyəti dövlət hakimiyyətinin möhkəmlənməsinə mane
olurdu. Qanunsuz silahlı dəstələrin mövcudluğu ölkədə sabitliyin pozulmasına səbəb
olur, vətəndaşların təhlükəsizliyini təhdid edirdi. Bəzi bölgələrdə
separatçılıq meyilləri müşahidə olunur, dövlətin ərazi bütövlüyü təhlükə
altında qalırdı. Mərkəzi hakimiyyətin zəifləməsi ölkədə xaos və anarxiya
mühitinin yaranmasına səbəb olmuşdu.
1993-cü
ildə ölkədə yaranmış siyasi böhran vəziyyəti daha da ağırlaşdırdı. Gəncə hadisələri
və müxtəlif siyasi qüvvələr arasındakı qarşıdurmalar vətəndaş müharibəsi təhlükəsini
gündəmə gətirmişdi. Dövlət müstəqilliyinin itirilməsi və ölkənin parçalanması təhlükəsi
real xarakter almışdı. Xalq arasında narahatlıq artır, gələcəyə inam azalırdı.
Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb dövrlərindən biri məhz həmin illərə
təsadüf edir.
Bütün bu
problemlər fonunda xalq çıxış yolunu təcrübəli dövlət xadimi Heydər Əliyevin
yenidən siyasi hakimiyyətə qayıdışında görürdü. 1993-cü ilin iyun ayında xalqın
tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyin və təhlükəsizliyin
təmin olunması istiqamətində mühüm addımlar atdı. Onun uzaqgörən siyasəti nəticəsində
vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyi möhkəmləndirildi və
ölkədə siyasi sabitlik bərpa olundu.
Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində iqtisadi
islahatların əsası qoyuldu. Xarici investisiyaların cəlb olunması istiqamətində
mühüm addımlar atıldı, neft strategiyası formalaşdırıldı və Azərbaycanın iqtisadi
inkişafı üçün yeni imkanlar yaradıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”
ölkənin gələcək inkişafında mühüm rol oynadı. Bu müqavilə Azərbaycanın beynəlxalq
iqtisadi əlaqələrinin genişlənməsinə və iqtisadi dirçəlişə şərait yaratdı.
Müstəqilliyin
ilk illərində yaşanan problemlər Azərbaycan xalqı üçün ciddi sınaq olsa da, ölkəmiz
bu çətinliklərin öhdəsindən gəlməyi bacardı. Dövlət müstəqilliyinin qorunub
saxlanılması, siyasi sabitliyin təmin olunması və iqtisadi inkişafın başlanması
Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Sonrakı illərdə həyata
keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz regionun lider dövlətlərindən
birinə çevrildi.
Bu gün Azərbaycan
müstəqilliyinin ilk illərində yaşanan çətinlikləri geridə qoyaraq güclü və
nüfuzlu dövlət kimi inkişaf edir. Həmin dövrün dərsləri dövlətçiliyimizin möhkəmləndirilməsi
və milli birliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyin
ilk illərində qazanılmış təcrübə Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsində
mühüm rol oynamışdır.
Azərbaycan
xalqı həmin mürəkkəb dövrü heç vaxt unutmur və müstəqilliyin qorunmasının nə qədər
böyük əhəmiyyət daşıdığını yaxşı anlayır. Bu gün əldə olunan uğurların təməlində
məhz dövlətçiliyin qorunması, milli həmrəyliyin təmin olunması və ölkənin milli
maraqlarının hər şeydən üstün tutulması dayanır.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



