DİM dövlət orqanlarına qəbulla bağlı ümumi müsahibə elan edir
13.06.2019
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, iyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən 2 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə orqanında olmaqla elana çıxarılan vəzifələrin 12-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 2-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyində Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri vəzifəsidir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 13 vəzifə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.
Namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 12 iyun tarixindən 12 iyul saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.
Həmçinin dövlət qulluğunun B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. DİM inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin tutlması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.
Müsahibədə iştirak üçün namizədlər 12 iyul 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Digər xəbərlər