Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır

2019-06-19 Baxış: 796
img

19.06.2019

Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır: Artım 660 min nəfəri əhatə edəcək

Ölkə Prezidenti İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən MAYAKİNFO-ya verilən xəbərə görə, təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il  (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.

Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.