Balıq ovuna dair yeni tələb müəyyənləşib
03.07.2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, bu inzibati reqlament çərçivəsində təqdim olunan xidmət sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi ilə üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
Elektron xidmət ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən www.e-gov.az, http://e-xidmet.eco.gov.az/ elektron ünvanlarında göstərilir.
İndiyə qədər elektron xidmətin göstərilməsi üçün ərizə ilə birlikdə balıqovlayan gəminin və motorlu qayığın üzgüçülüyə yararlılığı haqqında şəhadətnamənin skan edilmiş surətinin əlavə edilməsi tələb olunub.
Dəyişikliyə əsasən, bundan sonra ərizəyə balıqovlayan gəminin və su nəqliyyatı vasitəsi kimi istifadə edilən qayığın qeydiyyatına dair sənədin skan edilmiş surətinin əlavə edilməsi tələb olunacaq.
Beləliklə, bundan sonra sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi ilə əlaqədar elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılar olacaq:
Elektron xidmətin göstərilməsi üçün ərizə və aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:
- vətəndaşlar üçün şəxsiyyət vəsiqəsi;
- istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə;
- istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;
- balıqovlayan gəminin və su nəqliyyatı vasitəsi kimi istifadə edilən qayığın qeydiyyatına dair sənəd;
- gəmi və ya qayıq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, gəmi və ya qayıq icarəyə götürüldüyü halda tərəflər arasında bağlanmış müqavilə, həmin nəqliyyat vasitələri etibarnamə əsasında istifadə edildikdə etibarnamə;
- balıq ovunda iştirak edəcək balıqçının adı, atasının adı və soyadı barədə məlumat, bağlanmış fərdi əmək müqaviləsinin, habelə işə qəbul edilmə ilə bağlı əmrin surəti.
Qeyd edək ki, “Sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əsasən, bu sahədə elektron xidmət ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən göstərilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 yanvar tarixli fərmanına əsasən, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılıb.
Digər xəbərlər