Türkiyə MN Azərbaycanın MiQ-29 təyyarəsinin tapılmış hissələrinin görüntülərini yayıb
09.08.2019
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış MiQ-29 təyyarəsinin tapılmış fraqmentlərinin görüntülərini yayıb.
APA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bildirilib ki, MiQ-29 təyyarəsinin tapılmış bəzi fraqmentləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən xüsusi dənizaltı cihaz vasitəsi ilə aşkarlanıb.
Qeyd edək ki, MiQ-29-un Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəzaya uğramış hərbi təyyarənin axtarışına türkiyəli mütəxəssislər cəlb edilib.
Digər xəbərlər