Şirvanda silahlı şəxslərə qarşı əməliyyat keçirilib.

2019-08-13 Baxış: 810
img

13.08.2019.   14:20

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları  tərəfindən üzərilərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhər sakini  Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov”  tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.