Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.
Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, “Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Zavodun yaradılmasına 2 mln. manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu, zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək.
Zavodun məhsulları daxili təlabatın ödənilməsinə yönəldilməklə yanaşı, gələcəkdə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcək.
Kombi zavodunun fəaliyyətə başlaması ilə bağlı “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.
KOBİA tərəfindən “Elektrogas” MMC-yə hərtərəfli dəstək göstərilib, o cümlədən yerli və xarici investorlarla görüşlər keçirilib, xarici investorlara Azərbaycanın biznes mühiti və dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verilib, konsaltinq və hüquqi məsləhət xidmətləri göstərilib.
Digər xəbərlər