Neftçalalı pambıqçılar bu il də tarlalardan bol məhsul toplayacaqlar

2019-08-26 Baxış: 1182
img

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində Neftçala rayonunda da zəruri təbdirlər həyata keçirilir. Rayonda qabaqcıl pambıq ustaları bu ildən əkində yeni üsullar tətbiq edirlər. Onlardan biri də tanınmış pambıqçı Əlibala Səlimovdur.

AZƏRTAC-ın müxbiri İsmayıl Cəfərli 50 ilə yaxındır ömrünü torpağa bağlayan qabaqcıl pambıq ustası, “Əmək” ordenli Əlibala Səlimovla Neftçalanın Xolqaraqaşlı kəndindəki pambıq tarlasında görüşüb, onunla həmsöhbət olub.

Təcrübəli pambıqçı ötən təsərrüfat ilində 30 hektar sahədə çiyid əkini apararaq, respublikada ən yüksək göstərici ilə məhsul əldə edərək birincilik qazanıb. Belə ki, o, hər hektardan 58 sentner “ağ qızıl” toplayıb. Bu il də 30 hektar sahədə pambıq əkən əmək qəhrəmanının məqsədi 62 sentner məhsul əldə etmək və bununla da yeni rekorda imza atmaqdır. Bunun üçün o, sahələrə vaxtında aqrotexniki qulluq göstərib, ziyanvericilərə qarşı mübarizə tədbirləri aparıb. İndi pambıq tarlasının hər kolunda 30-a qədər pambıq qozası görmək mümkündür.

Fermer aqrotexniki qulluqla yanaşı, bu məhsuldarlığı yeni üsul tətbiq etməklə də əldə edib. Onun sözlərinə görə, pambıq kolunun boyu qısa olarsa, məhsuldarlıq da artar: “Keçən il 30 hektar sahəyə çiyid səpmişdik. Bütün aqrotexniki qaydaları həyata keçirərək tarlalardan 58 sentner məhsul götürdük. Bu da respublikada ən yüksək göstərici idi. Bu il yenə 30 hektar sahəyə çiyid səpmişik. Azot gübrəsi də vermişik. Builki məhsuldarlıq da yüksək olacaq”.

Pambıq ustası qeyd edir ki, onun qazandığı təcrübə bütün fermerlər tərəfindən tətbiq olunarsa, məhsuldarlıq daha da artar. Dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək, yaradılan münbit şərait bu sahənin inkişafına təkan verir. Eyni zamanda, pambıqçılıq fermerlərin sosial rifah halına da öz müsbət təsirini göstərir. Mütəxəssislər də yeni üsulun məhsuldarlıq üçün vacib olduğunu qeyd edirlər.

Mütəxəssis Mustafa Əliyev bu barədə danışarkən deyib: “Fermer Əlibala Səlimov aqrotexniki qaydaya əməl edib, gübrəni vaxtında verib. Pambığın boy səviyyəsinə baxdıqda görürük ki, həm yuxarı, həm də aşağı hissədə qozalar var. Təcrübəli pambıqçı tarlalarda yeni üsullar tətbiq edir. Pambığın yan budaqlarında uzanma apardığı üçün orada qozalar formalaşıb və tam məhsula hazırdır. Hesab edirəm ki, bütün fermerlər bunu tətbiq etməlidir. Yeni üsul məhsulun yüksək olmasına zəmin yaradır”.

30 hektar pambıq sahəsinin 20 hektarında elit “Bəyaz altun” sortu əkən pambıq ustası Əlibala Səlimov bu sortun iqlimə uyğun olduğunu qeyd edir: “Elit toxumun artırılması vacib məsələlərdən biridir. Baxın, hər iki kolda 25-dən çox formalaşmış qoza var. Bu il hər hektardan azı 62 sentner məhsul əldə edəcəyik”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasının 14 şura üzvündən biri olan Əlibala Səlimov bu il respublikanın qabaqcıl pambıq ustası Fatma Hüseynova ilə yarışacaq. Pambıq ustası həm savadına, həm də zəhmətinə güvənən bütün pambıqçıları bu yarışlara qatılmağa dəvət edir.