Əli Əhmədov Ağcabədi rayonu ərazisindəki N nömrəli hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib

2019-09-09 Baxış: 789
img

Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - icra katibi Əli Əhmədov Ağcabədi rayonu ərazisindəki N nömrəli hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib

MAYAKİNFO xəbər verir ki, görüşdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev, Ağcabədi və Laçın rayon İcra Hakimiyyətlərinin başçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsgər və zabitlər qarşısında çıxış edən Baş nazirin müavini Əli Əhmədov Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətdən, silahlı qüvvələrə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünyanın ən güclü ordularından birinə çevrilib.

“Ordumuzun gücü təkcə onun malik olduğu silahlarda, hərbi sürsatlarda deyil. Ordumuzun daha möhtəşəm güc mənbəyi əsgərlərimizin qəhrəmanlığında, döyüşlərdə göstərdiyi igidliyindədir. Yüksək döyüş ruhunda olmasındadır. Azərbaycan xalqına, dövlətinə dərindən inanmasındadır. Biz ordumuzla qürur duyur, fəxr edirik. Əminik ki, silahlı qüvvələrimiz Vətənimizin müstəqilliyinin və dövlətçiliyimizin keşiyində əzmlə dayanıb. Azərbaycan ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır. Biz torpaqlarımızın işğaldan azad etmək vəzifəsini dövlətimizin, xalqımızın və ordumuzun iradəsini birləşdirərək yerinə yetirməyə nail olacağıq", - deyə Ə.Əhmədov söyləyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən də bəhs edən Baş nazirin müavini deyib: “Azərbaycan münaqişənin qan tökülmədən həll olunmasına tərəftar olmasını bəyan edir və danışıqlar prosesi aparılmaqdadır. Doğrudur, danışıqlar prosesinin gedişi bizi qane etmir. Biz dəfələrlə bununla bağlı mövqeyimizi ən yüksək səviyyədə ifadə etmişik. Amma danışıqlar prosesinin tamamilə sona çatdığını düşünmürük. Apardığımız siyasət ondan ibarətdir ki, qan tökülmədən, itkilərə yol vermədən Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsini təmin edək. Azərbaycan tərəfinin qoyduğu yeganə şərt odur ki, işğal olunmuş bütün torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Çünki bu torpaqlar Azərbaycanın torpaqlarıdır. Bütün dünya bu torpaqların Azərbaycan ərazisi olduğunu qəbul edir. Bütün hüquqlar, beynəlxalq normalar Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir. Ermənistan tərəfinin qeyri konstruktiv mövqeyi ucbatından hələ ki, danışıqlar prosesi bizim istədiyimiz nəticəyə gətirib çıxarmayıb. Əgər danışıqlar prosesi biz istədiyimiz nəticəni verməsə, pozulmuş ədadət bərpa olunmasa, Azərbaycanın torpaqları geri qayıtmasa biz məsələni ordunun gücü hesabına həll edəcəyik. Bizim hər birimizin bir müqəddəs vəzifəsi var - işğal altında olan torpaqlarımızın azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması, ədalətin bərpa olması”.

Birlik komandiri general-mayor Mais Bərxudarov qeyd edib ki, silahlı qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Silahlı qüvvələrin təminatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək olması onu deməyə əsas verir ki, ordumuz düşməni hər an məhv etməyə qadirdir, buna hazırdır.

Sonra YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov və digər qonaqlar hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, əsgərlərlə birgə nahar ediblər.

Hərbi hissəyə ideoloji və bədii kitablar hədiyyə olunub. Əsgər və zabitlər üçün konsert proqramı təşkil edilib.