Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə Neftçalada start verəcək

2019-09-20 Baxış: 1000
img

Lənkəran Dövlət Dram Teatrı özünün yeni - 129-cu mövsümünə doğma səhnədən kənarda, Neftçalada start verəcək.

Teatrın ədəbi dram hissəsinin rəhbəri Ağaddin Babayevin verdiyi məlumata görə, yaradıcı kollektiv sentyabrın 27-də Neftçala Rayon Mədəniyyət Mərkəzində iranlı dramaturq Bəhrəm Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış edəcək.

İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu səhnə əsərinin rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Səyad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa edəcək.

A.Babayev bildirib ki, Lənkəran Dövlət Dram Teatrı yeni mövsümdə görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Vəfalı Səriyyə”, serb dramaturqu Miodraq Bulatoviçin “Qodo gəldi”, Vaqif Əlixanlının “Dənizə baxan pəncərə” və sair tamaşalarla pərəstişkarlarını sevindirəcək.