Əli Əhmədov: “Danışıqlar ərəfəsində Ermənistanın təxribat törətməsi ilk dəfə deyil”

2019-09-26 Baxış: 794
img

“Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq. İlk dəfə deyil ki, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir”. 

MAYAKİNFO-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. 

O bildirib ki, məqsəd danışıqlar prosesinə ziyan vurmaq, ümumiyyətlə danışıqların pozulmasına nail olmaqdır: “Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitib. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqlar pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışsınlar. Beynəlxalq ictimaiyyət bunu kəskin surətdə tənqid edir. Azərbaycan tərəfi dəfələrlə qəti şəkildə bəyan edib ki, münaqişənin dinc yolla həllinin tərəfdarıdır. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr, Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq, ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək”.

Baş nazirin müavini qeyd edib ki, ATƏT-in Minsk qrupu yumşaq şəkildə desək, öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir.