Leyla Əliyeva "Arqonavtlar" inklüziv şousunun təqdimatında iştirak edib
Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Arqonavtlar" inkluziv şousu nümayiş olunub.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Böyük Britaniya və Şimali İrlandiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Ceyms Şarp da iştirak ediblər.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə nümayiş olunan səhnə əsəri "Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı"nın tərkib hissəsinə daxildir.
Səfir C.Şarp qonaqları salamlayaraq bildirib ki, bugünki tamaşa inklüzivliyi və müxtəlifliyi təmsil edir. O, tamaşanın xoş ovqat yaradacağına inandığını bildirib.
Sonra "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah çıxış edib. Onun sözlərinə görə, "Arqonavtlar" Böyük Britaniya, Azərbaycan, Gürcüstan və Ukraynanı təmsil edən, on nəfərdən ibarət, əlliyi olan həvəskar və peşəkar aktyorların ərsəyə gətirdikləri tamaşadır: "Səhnə əsəri "Candoco" rəqs ansamblı, "Lost Dog" müasir rəqs və teatr şirkətinin əməkdaşlığı və "British Council"ın dəstəyi ilə dörd illik "Unlimited: Limitsiz Addımlara Doğru" proqramının yekun ştrixi olaraq təqdim edilir. Biz Birləşmiş Krallığın mədəniyyət resurslarından istifadə edərək incəsənət sahəsində inklüzivliyi təşviq etmək çalışmışıq. Azərbaycanın aparıcı incəsənət və mədəniyyət obyektlərinin əlillər üçün daha müyəssər olması naminə onlarla əməkdaşlıq etmiş və ictimaiyyətin əlillik haqqında düşüncəsini dəyişməyə və daha yaxşı inklüziv cəmiyyət yaratmağa öz töhfəmizi vermişik".
Daha sonra "Arqonavtlar" inklüziv şousu təqdim olunub. Tamaşadan sonra "Candoco" rəqs ansamblı "Üz-üzə" (Face In) və "İkimiz də bilirik" (You and I Know) adlı iki 30 dəqiqəlik performans ifa edib.
Digər xəbərlər