Noyabrın 1-dən şəxsiyyət vəsiqələri yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.
DİN-in mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi cari il noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.
Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.
Ümumən Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür.
Digər xəbərlər