Azərbaycan-İran sərhədində 3 sərhəd pozucusu öldürülüb

2019-10-02 Baxış: 686
img

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən MAYAKİNFO-ya verilən məlumata görə, 2019-cu ilin 2 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İran istiqamətində, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstəriblər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat ediblər.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar­­­kotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun­ub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov ərazi­yə ezam edilib, hadisə yerinə baxış keçirilib, sərhəd pozucu­larının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlə­rinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib.  

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.