Neftçalada müəllimlərin peşə bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
Müəllim cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısıdır. Müəllim gənc nəslə elm, bilik, aydın dünyagörüşü verir, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər təlqin edir. Bəşər cəmiyyəti bugünkü nailiyyətlərinə görə, ilk növbədə, bu xeyirxah peşə sahiblərinə minnətdardır.
MAYAKİNFO-ın xəbər verir ki, bu fikirlər 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 4-də Neftçalada keçirilən tədbirdə səsləndirilib.
Rayonun qabaqcıl müəllimləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Neftçala Rayonu İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəisi Tofiq Mehdiyevin, qabaqcıl təhsil işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov çıxış edərək, ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə həmişə yüksək qiymət verib. Ulu Öndərin bu siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.
Əjdər Kərimovun məruzəsində ötən tədris ilində rayonun təhsil işçilərinin qazandıqları uğurlardan geniş bəhs edilib. Bildirilib ki, 5 oktyabr dünyada ən şərəfli, məsuliyyətli və müqəddəs peşə sahibi olan müəllimlərin bayramıdır. 1966-cı ildə UNESKO tərəfindən təsis edilən Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən Azərbaycanda da geniş qeyd edilir.
Ə.Kərimov qeyd edib ki, Neftçala müəllimləri öz peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. Onların yetirmələri ötən tədris ilində bir çox nailiyyətlər əldə edib, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda uğur qazanıblar.
Prezident İlham Əliyevin imzaladığı son sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunan Neftçala rayon Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin fizika müəllimi Seyran Səfərov çıxış edərək, ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə müəllimlər adından Prezident İlham Əliyevə, həmçinin birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Tədbirin sonunda bir qrup qabaqcıl müəllimə rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin və səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xitmətinin rayon şöbəsinin fəxri fərmanları təqdim olunub.
Digər xəbərlər