Bakı məktəbliləri Neftçalada Samid İmanovun ev muzeyində olublar.
Bakı şəhər Sabunçu rayon 311 nömrəli məktəbin şagirdləri Neftçalada Milli Qəhrəman Samid İmanovun ev muzeyində olublar.
MAYAKİNFO xəbər verir ki, oktyabrın 13-də YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyevin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı mayor Samid İmanovun anadan olmasının 38-ci ildönümü münasibətilə Bakı şəhər 311 nömrəli məktəbin şagird və müəllimləri Neftçala rayonunda olmuşlar. Qonaqlar ilk öncə rayonun Aşağı Qaramanlı kəndində yerləşən Şəhidlər abidə kompleksini ziyarət etmiş, Neftçala rayonundan olan şəhidlər haqqında məlumat əldə etmişlər. Daha sonra şagirdlər Milli Qəhrəmanın adını daşıyan Neftçala şəhər 1 saylı məktəbə gəlmiş, şəhidin oxuduğu məktəblə tanış olmuşlar. Şagirdlər məktəbin foyesində şəhid üçün yaradılmış guşəyə baxmış, hər iki məktəb şagirdlərinin hazırladıqları kompazisiyalar nümayiş olunmuşdur. Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva, 311 nömrəli məktəbin direktoru Esmira Muradova və rayon ziyalısı Ələkbər Zahidov şagirdlərə şəhidlər və vətənpərlik haqqında ətraflı məlumat vermişlər. Tədbirdən sonra hər iki məktəbin müəllim və şagirdləri Samid İmanovun doğulub boya-başa çatdığı Həsənabad qəsəbəsində yerləşən evinə yollanmışlar. Qonaqları şəhidin ailə üzvləri qarşılamış, Milli Qəhrəmanın ev muzeyi ilə tanış etmişlər. Samidin döyüş yoldaşları da tədbirdə iştirak edərək şagirdlərə şəhidin keçdiyi qəhərəmanlıq yolu haqqında ətraflı məlumat vermişlər. Sonda Samid İmanovun ailə üzvləri, döyüş yoldaşları, müəllim və şagirdlər şəhidin məzarını ziyarət etmiş, əklil və gül dəstələri qoymuş, ruhuna dualar etmişlər.
Qeyd edək ki, Milli Qəhraman Samid İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuş, 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1966 nömrəli sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Digər xəbərlər