Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə görüşü olub

2019-10-14 Baxış: 701
img

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

MAYAKİNFO xəbər verir ki, Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Sooranbay Şaripoviç.

Sizi Azərbaycan torpağında salamlamağa şadam. Biz Sizinlə artıq bir neçə gün əvvəl MDB Sammiti çərçivəsində görüşmüşük. Bu gün biz Sizi Azərbaycanda qəbul edirik. Çox şadam ki, Siz bizə səfər etmisiniz.

Biz sabah sammit keçirəcəyik, amma bu gün görüşüb bizim ikitərəfli münasibətlərimizin perspektivlərini müzakirə etmək üçün yaxşı imkan var. Biz Sizinlə bu məsələləri artıq keçən il Qırğızıstanın Türk Şurasına üzv olan dövlətlərin başçılarının Samitini qəbul edərkən müzakirə etmişik. Həmin vaxt biz Sizinlə ikitərəfli məsələlərin geniş spektrini müzakirə etdik. Xatırlayıram ki, söhbət çox məhsuldar idi. Bu gün biz dialoqumuzu davam etdiririk. Əminəm ki, bugünkü görüş çərçivəsində biz gələcək qarşılıqlı fəaliyyətin həm siyasi, həm iqtisadi, həm humanitar, həm də digər sahələrdə vacib məsələlərini müzakirə edəcəyik.

Bizim üçün Qırğızıstan qardaş ölkədir, yaxşı dost, tərəfdaşdır. Əminəm ki, əlaqələrimiz gələcəkdə yalnız möhkəmlənəcək. Həmçinin fürsətdən istifadə edərək, Sizə Türk Şurasına səmərəli sədrliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycan estafeti Qırğızıstandan qəbul edir. Görülən belə yaxşı işlər üzərində biz gələn il ərzində ölkələrimiz arasında həmrəyliyi, qarşılıqlı dəstəyi möhkəmləndirməyə, həmçinin əməkdaşlığımızı real məzmunla zənginləşdirməyə səy göstərəcəyik. Əminəm ki, səfəriniz çox məhsuldar, uğurlu olacaq, bir qədər Azərbaycanla tanış olacaqsınız. Bir daha xoş gəlmisiniz. Sizə ən yaxşı arzularımı bildirirəm.

X X X

Qırğızıstan Prezidenti Sooronbay JEENBEKOV dedi:

-Səmimi sözlərə görə çox sağ olun, hörmətli İlham Heydər oğlu, görüşümüzə çox şadam. Biz böyük məmnuniyyətlə Sizinlə Bakı şəhərində Türk Şurasının VII Sammiti çərçivəsində görüşürük. Bu, yubiley tarixi hadisədir. Biz əminik ki, sammit çox yüksək səviyyədə keçəcək.

Mən Sizin siyasi iradəniz sayəsində bu yaxınlarda Hökumətlərarası Komissiyanın iclasının uğurla baş tutduğunu xüsusilə qeyd etmək istəyirəm. Siz tərəfdən orada Baş Nazirin birinci müavini iştirak edib. Mən də Baş Nazirin birinci müavini Yaqub Abdulla oğlunu qəbul etdim. Çox maraqlı, təcrübəli, etibarlı insandır. Biz onunla bir çox məsələləri uzun müddət müzakirə etdik. Əminəm ki, bu iclas bizim ikitərəfli münasibətlərimizə, xüsusilə ticari-iqtisadi sahədə münasibətlərimizə yeni impuls verəcək.

Bu yaxınlarda Sizin qızınız Leyla Əliyeva bizdə olub. O, bizim xalqda çox yaxşı təəssürat doğurub. O, Olimpiya Komitəsi rəhbərlərinin forumunda iştirak edib. O, mənə şeirlər toplusu kitabını hədiyyə edib və İssık-Kul haqqında şeir yazıb. O, səmimi və istedadlı qızdır. Allah cansağlığı versin.

Sizin bildiyiniz kimi, biz də ikitərəfli münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. Sizin dediyiniz kimi, biz qardaş, dost ölkələrik. Biz həmişə münasibətlərimizi dəyərləndirir və qiymətləndiririk. Həmişə münasibətlərimizin inamla, fəal və qarşılıqlı maraqlar əsasında inkişaf etməsinə çalışırıq. Bir daha səmimi qəbula və hava limanında dostlarımızın göstərdikləri qonaqpərvərliyə görə sağ olun. Biz orada dost azərbaycanlıların səmimiyyətini hiss etdik. Çox sağ olun.

Görüşdə bu yaxınlarda Bişkekdə hökumətlərarası komissiyanın iclasının keçirildiyi qeyd edildi. Söhbət zamanı iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.