Bu il TANAP-la 1,8 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql edilib

2019-10-15 Baxış: 650
img

Bu ilin yanvar-sentyabr aylarında Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 1 797,86  mln. kubmetr Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz nəql edilib.

"APA-Economics"in Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, TANAP-la bu ilin sentyabrında 324,66 mln. kubmetrə yaxın Azərbaycan qazı nəql edilib.

Mənbənin sözlərinə görə, istifadəyə veriləndən bu ilin oktyabr ayının 1-dək TANAP-la 2 714,24 mln. kubmetr qaz nəql edilib.

Qeyd edək ki, 2018-ci ildə isə TANAP-la 916,37 mln. kubmetr qaz nəql olunub.

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.