Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

2019-10-18 Baxış: 654
img

Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq Fondu (UNİSEF) arasında Anlaşma Memorandumu imzalanıb.

MAYAKİNFO-nun xəbərinə görə, imzalanma mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iştirak ediblər.

Memorandum 2020-ci ilin sonunadək inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində bu sahədə valideynlərin təhsil və təcrübələrini dəstəkləyən proqramların reallaşdırılması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə və sosial sahələrdə həyata keçirdiyi layihələr barədə danışaraq, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, uşaqların sağlamlığı və təhsili sahəsində Fondla UNİSEF arasında mövcud əməkdaşlıq barədə məlumat verib. Qeyd olunub ki, imzalanan Memorandum bu əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq.

Memorandum çərçivəsində Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi və UNİSEF-in birgə dəstəyi ilə uşaqların məktəbəqədər dövrdə sağlamlığı, müxtəlif bacarıqlarının inkişafı üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar Mərkəzdə “Live Life” (“Canlı həyat”) sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib.