Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb, Türkiyədən həkimlər dəvət olunub

2019-11-05 Baxış: 588
img

Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb.

Bu barədə APA-ya O. Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu həyat yoldaşının müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.

F. Gülalıyeva Heydər Əliyev Fondundan ona zəng edərək, O. Gülalıyevin vəziyyəti ilə maraqlandıqlarını deyib.

O qeyd edib ki, Fond Oktay Gülalıyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.

F. Gülalıyeva həyat yoldaşının vəziyyətinin ağır olduğunu da deyib: “Oktayın vəziyyəti çox ağırdır, komadan ayılmayıb”.

Qeyd edək ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.