Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir.

2026-06-12 Baxış: 40
img

Tarixdə böyük şəxsiyyətlərin böyüklüyü yalnız yaşadıqları dövrdə əldə etdikləri uğurlarla deyil, müəyyən etdikləri strateji xəttin zamanın sınağından çıxması və gələcək nəsillər üçün inkişaf yoluna çevrilməsi ilə ölçülür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də məhz belə nadir dövlət xadimlərindəndir. Onun formalaşdırdığı dövlətçilik fəlsəfəsi, milli inkişaf konsepsiyası və müstəqil siyasət kursu bu gün müasir Azərbaycanın uğurlarında öz parlaq təcəssümünü tapır. Azərbaycanın qazandığı nailiyyətlərə nəzər saldıqda aydın görünür ki, müasir dövlətimizin əldə etdiyi hər bir uğurun təməlində Heydər Əliyev ideyaları dayanır.

Ulu Öndər hakimiyyətə qayıtdığı 1993-cü ildə Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. Dövlət müstəqilliyi təhlükə altında idi, siyasi böhran dərinləşirdi, iqtisadi tənəzzül hökm sürürdü, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın böyük hissəsi işğal olunmuşdu. Belə bir şəraitdə Heydər Əliyev qarşısında yalnız mövcud problemləri həll etmək deyil, həm də Azərbaycanın gələcək inkişaf modelini formalaşdırmaq vəzifəsi dayanırdı.

Ulu Öndərin siyasi fəaliyyətinin əsas mahiyyəti güclü dövlət quruculuğu ideyasına söykənirdi. O, yaxşı bilirdi ki, müstəqilliyin qorunması yalnız güclü siyasi hakimiyyət, sabitlik, iqtisadi inkişaf, milli birlik və beynəlxalq nüfuz vasitəsilə mümkündür. Buna görə də hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasətin mərkəzində məhz bu prinsiplər dayanırdı.

İctimai-siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu, demokratik institutların formalaşdırılması, milli maraqlara əsaslanan xarici siyasət kursunun müəyyənləşdirilməsi və bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın gələcək inkişafının möhkəm təməlini yaratdı. Xüsusilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi tarixində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirdi və uzunmüddətli inkişaf üçün geniş imkanlar yaratdı.

Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsində də mühüm rol oynadı. Milli maraqlara söykənən balanslaşdırılmış xarici siyasət ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasını təmin etdi. Azərbaycan qısa müddət ərzində regional və beynəlxalq layihələrin əsas iştirakçılarından birinə çevrildi, siyasi və iqtisadi əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirdi.

Ulu Öndərin siyasi irsinin ən mühüm istiqamətlərindən biri də güclü ordu quruculuğu idi. O, dəfələrlə vurğulayırdı ki, dövlət müstəqilliyinin etibarlı təminatı güclü ordudan keçir. Sonrakı illərdə bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrildi. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan xalqı 2020-ci ildə tarixi Zəfər qazandı, torpaqlarını işğaldan azad etdi və 2023-cü ildə dövlət suverenliyini tam bərpa etdi.

Bu gün Azərbaycanın inkişaf göstəricilərinə nəzər saldıqda Heydər Əliyev ideyalarının həyatiliyi və uzaqgörənliyi daha aydın görünür. Müasir Azərbaycan müstəqil siyasət həyata keçirən, beynəlxalq nüfuza malik, iqtisadi cəhətdən güclü, hərbi baxımdan qüdrətli və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir. Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə, regional əməkdaşlıq təşəbbüslərində fəal iştirakı və qlobal miqyasda artan nüfuzu məhz Heydər Əliyev məktəbinin uğurlarını əks etdirir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının uğurla icrası, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər və kəndlərin qurulması da Ulu Öndərin müəyyən etdiyi inkişaf fəlsəfəsinin davamıdır. Azərbaycan artıq öz tarixinin yeni mərhələsini yaşayır və bu mərhələnin əsas xüsusiyyəti tam suverenlik, davamlı inkişaf və milli gücün daha da möhkəmləndirilməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Heydər Əliyev yolunun müasir dövrdə uğurlu davamı kimi çıxış edir. Dövlət başçısının strateji baxışı və qətiyyətli rəhbərliyi nəticəsində Ulu Öndərin müəyyən etdiyi bütün əsas hədəflər ardıcıl şəkildə reallaşdırılır. Bu siyasi varislik Azərbaycanın inkişafının əsas təminatlarından biridir.

Bu gün müasir Azərbaycan təkcə iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu və hərbi qüdrəti ilə deyil, həm də öz milli məqsədlərinə nail olmuş dövlət kimi diqqət çəkir. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, güclü dövlətçilik ənənələrinə malik olan Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ən böyük uğurudur.

Məhz buna görə də tam əminliklə demək olar ki, müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. Bu gün əldə olunan hər bir uğur, qazanılan hər bir qələbə və həyata keçirilən hər bir strateji layihə Ulu Öndərin müəyyən etdiyi inkişaf yolunun düzgünlüyünü bir daha təsdiq edir. Güclü, qalib və suveren Azərbaycan isə bu böyük siyasi irsin ən möhtəşəm nəticəsi kimi tarixə düşür.

 

Şahin Abdiyev,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Cəngan kənd İƏD üzrə nümayəndə