Şuşa Bəyannaməsi - Tarixi Zəfərin Müttəfiqlik Zirvəsi.

15
iyun 2021-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki
qardaş ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni, daha yüksək mərhələyə
qaldıran tarixi sənəddir. Bu bəyannamə sadəcə siyasi və hüquqi xarakter
daşımır, eyni zamanda çoxəsrlik sarsılmaz qardaşlıq bağlarının rəsmi möhürü
rolunu oynayır.
Bəyannamənin
təməli tarixin dərinliklərinə və hər iki xalqın dahi liderlərinin ideoloji
irsinə əsaslanır. Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanması mərasimində
qeyd etdiyi kimi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə
xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər
Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk
demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin
sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə
sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən
əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Bu baxımdan, sənəd keçmişə sadiqliyin rəmzi olmaqla bərabər, gələcək nəsillər
üçün də strateji bir bələdçidir.
Şuşa
Bəyannaməsi mahiyyət etibarilə bütün sahələri əhatə edən genişmiqyaslı əməkdaşlıq
platformasıdır. Sənəddə siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil
və xüsusilə müdafiə sənayesi kimi həyati əhəmiyyətli istiqamətlərdə tərəfdaşlığın
dərinləşdirilməsi nəzərdə tutulur. Bu kompleks yanaşma iki dövlətin
potensialının birləşdirilməsinə və strateji maraqların birgə təmin olunmasına
xidmət edir.
Sənəd
həmçinin Ankara və Bakı arasında gələcək münasibətlərin məzmununu və yol xəritəsini
dəqiq müəyyənləşdirir. Hərbi təhlükəsizlik, regional sabitlik və Zəngəzur dəhlizi
kimi geostrateji layihələrin reallaşdırılması istiqamətində atılacaq addımlar
regional liderliyin və tam təhlükəsizlik arxitekturasının formalaşdırılmasının əsasını
təşkil edir.
Bununla
yanaşı, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da
yer almışdır. Bu müddəaya əsasən, hər iki ölkə beynəlxalq və regional müstəvidə
maraqların qorunması məqsədilə xarici siyasət fəaliyyətini tam koordinasiyalı şəkildə
həyata keçirir. İki qardaş dövlətin xarici siyasətdə vahid güc mərkəzi kimi
çıxış etməsi regionda davamlı sülhün və təhlükəsizliyin ən etibarlı təminatlarından
biridir.
Sənədin
imzalanmasında diqqətçəkən ən mühüm məqamlardan biri də onun daşıdığı tarixi rəmzi
mənadır. Prezident İlham Əliyev çıxışında bu barədə belə demişdir: “Birgə Bəyannamədə
tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il
bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra
azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə
bizim gələcək iş birliyimizin istiqamətini göstərir.” Tam yüz il sonra azad
Şuşada imzalanan bu sənəd tarixin ədalətinin bərqərar olmasının əyani
sübutudur.
Müasir
dövrün çağırışlarına uyğun olaraq, Bəyannamədə informasiya mübadiləsi və media
sahəsində əməkdaşlığa da xüsusi yer ayrılmışdır. Azərbaycan-Türkiyə Birgə Media
Platformasının yaradılması, operativ informasiya mübadiləsinin təmin edilməsi və
beynəlxalq səviyyədə dezinformasiyalara qarşı birgə mübarizə aparılması hər iki
ölkənin qlobal informasiya məkanında da mövqelərini gücləndirir.
Yekun
olaraq qeyd etmək olar ki, Şuşa Bəyannaməsi regional təhlükəsizlik, iqtisadi tərəqqi
və strateji tərəfdaşlıq baxımından tarixi bir dönüş nöqtəsidir. "Bir millət,
iki dövlət" fəlsəfəsi bu sənədlə rəsmən müttəfiqlik zirvəsinə ucalmışdır.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



