Əli Əhmədov: "Azərbaycanın sosial və iqtisadi göstəriciləri bundan sonra da yaxşılaşacaq"

2020-01-22 Baxış: 670
img

"Azərbaycan nisbətən gənc dövlətdir. Müstəqilliyini bərpa etdiyi 29 il ərzində ölkəmiz ciddi nailiyyətlər əldə edib. Lakin Azərbaycan müstəqilliyinin əldə etdiyi ilk illərdə onun həyatı heç də problemsiz keçməyib". MAYAKİNFO-nun APA-dan əldə etdiyi  məlumatına görə, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması nəticəsində problemlərinin həlli, sosial həyatın təmin edilməsi, iqtisadiyyatın inkişafı üçün böyük səylər göstərilməli olub: "Azərbaycan düzgün strategiya seçməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. Son 15-16 ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, ölkənin büdcəsinin gəlirləri təxminən 20, əhalinin nominal əməkhaqqı 10 dəfəyədək artıb. Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsi üçün qoyulan vəsaitlər 23 dəfə artıb. Bütün bunlar Azərbaycanın qısa müddətdə böyük inkişaf yolu keçməsindən xəbər verir. Yalnız bu illər ərzində yalnız Bakı deyil, Azərbaycanın bütün regionları simasını dəyişib, müasirləşib”. Əli Əhmədov qeyd edib ki, Azərbaycan müasir dövlət qurulması istiqamətində böyük işlər görüb: "Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir. Azərbaycan dünyanın ən sürətlə, ən geniş islahatlar həyata keçirən ölkələri sırasındadır. İnkişafın davamlılığının təmin edilməsinin çox mühüm amillərindən biri daim yeniləşmək və islahatların həyata keçirilməsinə hazır olmaqdır". Ə.Əhmədov deyib ki, Azərbaycanın sosial və iqtisadi göstəriciləri bundan sonra da yaxşılaşacaq: “2019-cu ildə əhalinin həyat şəraitinin yaxşılaşması üçün bir çox tədbirlər həyata keçirilib. Azərbaycanın 10 milyon nəfərlik əhalisinin təxminən 1 milyon nəfəri öz ölkəsindən məcburi köçkün düşmüş insanlardır. Bu baxımdan onların Azərbaycan dövlətinin yardımına ehtiyacı var".